Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...
01 Avq 2025 11:40

Son həftələrdə Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının aktivliyi artıb. Lakin söhbət nə şəxsi heyətin rotasiyasından, nə də planlı müdafiə qabiliyyətinin gücləndirilməsindən gedir. Bütün göstəricilər tamamilə başqa məntiqi üzə çıxarır — hərbi alətlər daxili siyasi proseslərə müdaxilə üçün rıçaqlara çevrilir.

News365.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rusiya tərəfi 2025-ci ilin iyun və iyul aylarında dəfələrlə Azərbaycana müraciət edərək, hərbi nəqliyyat təyyarələrinin hava məkanımızdan keçməsinə icazə istəyib. Məqsəd — Ermənistana silah-sursatın çatdırılması olub. Lakin Bakı qəti və birmənalı mövqe ortaya qoydu: dəhliz bağlıdır. Bu qərar həm milli maraqların qorunmasını, həm də potensial risklərin olduğunu əks etdirir.

“Göndərilməyə çalışılan yükün nomenklaturası ciddi suallar doğurur. Ağır silahlarla yanaşı, Gümrüdəki bazaya yaxın döyüşlər və şəhər mühitində istifadə üçün nəzərdə tutulmuş silahlar da çatdırılmağa cəhd edilib. Yəni söhbət yalnız gələcəkdə Azərbaycanla sərhəddə mümkün açıq toqquşmalardan deyil, həm də küçə döyüşləri və sıx yaşayış məntəqələrində silahlı qarşıdurmalar ehtimalından gedir.

Əldə olunmuş məlumata görə, Rusiyanın hədəflərindən biri Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı devirməkdir. Moskva İrəvan üzərində birbaşa təsir rıçaqlarını itirdikdən sonra nəzarəti idarə olunan böhran vasitəsilə bərpa etməyə cəhd edə bilər. Bu fonda, Ermənistan ərazisi boyu müxtəlif təxribatlar, hətta terror aktları da istisna edilmir. Bu model artıq tanışdır: 2014-cü ildə Krımda hər şey “yaşıl adamcıqlar”, xaos və paralel olaraq siyasi fiqurların dəyişdirilməsi ilə başlamışdı.

Moskvanın “ehtiyatda saxladığı” köhnə qvardiya da var: Robert Köçəryan, Serj Sərkisyan, Samvel Karapetyan. Hər üçü prorus reputasiyaya malikdir və Paşinyana qarşı yaradılacaq qarışıqlıq fonunda “milli alternativ” kimi irəli sürülə bilər. Gözlənilir ki, təxribat dalğasından sonra məhz onlar səhnəyə çıxaraq vəziyyəti “xilas etmək” bəhanəsi ilə ön plana keçsinlər. Səhnə arxasında isə Ermənistan siyasətinə sızmış beşinci kolon fəaliyyət göstərəcək.

Mənbələrin fikrincə, hakimiyyət dəyişikliyi uğurlu olacağı təqdirdə, növbəti mərhələ İrəvanın siyasi kursunun dəyişdirilməsi, ardınca isə Azərbaycan istiqamətində eskalasiyanın başlanması olacaq. Bu da izah edir ki, Rusiya niyə Gümrüdəki 102-ci bazaya məhz ağır silahları çatdırmağa çalışır.

Beləliklə, söhbət nə sadəcə texnika daşınmasından, nə də müvəqqəti aktivlikdən gedir. Bu, regionun siyasi-hərbi mənzərəsini dəyişdirə biləcək addımlar zəncirinə struktur hazırlığıdır. Əsas təhlükə də bundadır. Moskva Ermənistan ərazisini idarə olunan böhran və güc tətbiqi üçün əməliyyat meydanı kimi görür. Paralel olaraq, Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq niyyətindədir.

Azərbaycanın Rusiyaya hava dəhlizi verməkdən imtinası vacib, amma aralıq səddir. Daha önəmlisi isə Rusiyanın eyni vaxtda həm Ermənistana, həm də perspektivdə Azərbaycana qarşı oyunun mexanizmini anlamaqdır.

Azərbaycan üçün bu ssenari sərhədlərimizdə sabitliyin pozulması və yeni səviyyədə təhlükələrin yaranması deməkdir. Ermənistan isə bu planın reallaşacağı halda yenidən subyekt yox, obyekt olacaq. Bunu həm metodlar, həm adlar, həm də ritorika təsdiqləyir. Və bütün bu detalların arxasında tanış məntiq gizlənir: idarə olunan xaos, elitaların dəyişdirilməsi, militarizasiya, xarici qarşıdurma. Hamısı eyni “dərsliyə” uyğundur.

Rusiya hələ də itirdiyi təsiri qaytarmağa ümid edir, amma bunun qiyməti Cənubi Qafqazın ümumi təhlükəsizlik balansı ola bilər. Moskva üçün qonşu ölkələrin destabilizasiyası geosiyasi “korreksiya” aləti kimi qəbul edilirsə, region üçün bu, dağıdıcı nəticələrlə başqasının oyununa cəlb olunmaq deməkdir.

Sual İrəvanın bu ssenarinin reallaşmasına imkan verib-verməyəcəyində deyil. Sual başqadır: O, siyasi sabahının konstitusiya çərçivəsində deyil, xarici oyunçunun maraqları naminə — İrəvanda deyil, Gümrüdəki 102-ci baza qərargahında və Moskvada yazılan ssenari ilə yenidən “yazıla” biləcəyini dərk edirmi?

Amma Azərbaycan artıq o ölkə deyil ki, kimsə onu görməzdən gəlsin və ya fakt qarşısında qoysun. Biz passiv müşahidəçi deyilik. Görürük, təhlil edirik, nəticə çıxarırıq. Və bizdə kifayət qədər iradə, alətlər və siyasi təcrübə var ki, regionun yad ssenari üzrə oynadılmasına imkan verməyək”, - nəşr qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada