Rusiya-Ukrayna müharibəsi yeni mərhələdə: Avropa təhlükəsizlik sistemi yenidən qurulur

Rusiya-Ukrayna müharibəsi yeni mərhələdə: Avropa təhlükəsizlik sistemi yenidən qurulur
15:42

Rusiya-Ukrayna müharibəsi artıq yalnız cəbhə xəttində gedən toqquşmalarla məhdudlaşmır. Proses getdikcə Avropanın təhlükəsizlik sisteminin yenidən formalaşdırılması müstəvisinə keçid alır. Son günlər səslənən açıqlamalar və intensivləşən diplomatik təmaslar göstərir ki, tərəflər müharibəni “kim qalib gəldi?” sualından çox, “sonrakı düzən necə olacaq?” sualı üzərindən dəyərləndirməyə başlayıblar.


Moskvanın yeni hərbi əməliyyatlardan imtina edə biləcəyi ilə bağlı verdiyi mesajlar diqqətçəkicidir. Kreml bu addımı yalnız “aldadılmamaq” və “qarşılıqlı hörmət” kimi şərtlərlə mümkün sayır. Paralel olaraq Avropa paytaxtlarında və Vaşinqtonda daha ehtiyatlı, praqmatik mövqelərin səslənməsi təsadüfi deyil. Bu, müharibənin klassik qalib-məğlub məntiqindən çıxarılaraq geniş geosiyasi razılaşmalar çərçivəsinə daşındığını göstərir.


Vladimir Putinin Qərblə bərabərhüquqlu dialoqa hazır olduqlarını vurğulaması Moskvanın əsas niyyətini açıq göstərir: uzunmüddətli təhlükəsizlik təminatları olmadan eskalasiyanın dayandırılması gündəmdə deyil. Rusiya üçün Ukrayna məsələsi Avropa ilə münasibətlərdən ayrı mövzu sayılmır. Kreml müharibənin dayanmasını təkcə Kiyevlə deyil, bütövlükdə Avropa təhlükəsizlik arxitekturasının yenilənməsi ilə əlaqələndirir.


Bu yanaşma Avropa daxilində də getdikcə daha açıq ifadə olunur. Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın hərbi yolla tam qələbə qazanmaq imkanlarının tükəndiyini bildirərək əsas prioritetin Ukrayna dövlətçiliyinin saxlanılması olduğunu önə çəkir. Bu mövqe Avropada müharibə yorğunluğunu, eyni zamanda Rusiya ilə birbaşa toqquşma riskinin daha real qiymətləndirildiyini göstərir. Orbanın məntiqi aydındır: Ukraynanın çökməsi Avropanın təhlükəsizliyi üçün daha ağır nəticələr doğura bilər.


Fransa isə daha incə balans siyasəti aparır. Parisin Moskva ilə birbaşa dialoq imkanlarını açıq saxlaması və Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə ehtiyatla yanaşması Avropa daxilində fikir ayrılıqlarını dərinləşdirir. Almaniyada bu mövzu siyasi mübahisələr yaratsa da, Emmanuel Macron Avropa İttifaqını geri dönüşü çətin olan hüquqi addımlardan çəkindirməyə çalışır. Bu, Avropanın müharibədən sonrakı mərhələni artıq indidən hesabladığını göstərən mühüm siqnaldır.


Eyni zamanda, kəşfiyyat və təhlükəsizlik kanallarında fəallıq diqqət çəkir. Rusiya, Almaniya, Fransa və Böyük Britaniyanın xüsusi xidmət orqanları arasında baş tutan təmaslar eskalasiyanın nəzarətdən çıxmaması üçün “səssiz diplomatiya”nın işə düşdüyünü göstərir. Tarixən bu cür əlaqələr siyasi bəyanatlardan əvvəl razılaşma konturlarının formalaşdığı mərhələ hesab olunur.


ABŞ-dən gələn mesajlar isə daha sərt realizm üzərində qurulub. Vaşinqtondakı müzakirələrdə Ukraynanın Donbasın bir hissəsi üzərində nəzarəti itirməsinin faktiki reallıq kimi qəbul oluna biləcəyi açıq şəkildə səslənir. ABŞ siyasətində təsirli fiqurlardan biri olan Vensin mövqeyi göstərir ki, əsas hədəf artıq ərazi bütövlüyündən çox, müharibənin idarəolunan şəkildə dondurulması və Avropa-Rusiya münasibətlərinin tənzimlənməsidir. Zaporojye Atom Elektrik Stansiyasının birgə idarə olunması kimi ideyalar da bu texniki-siyasi kompromislərin tərkib hissəsidir.


Bu fondda Ukrayna daxilində baş verən kadr dəyişiklikləri də diqqətdən yayınmır. Prezident Administrasiyasında əsas fiqurlardan birinin prosesdən kənarlaşdırılması Kiyevin yeni mərhələyə hazırlaşdığını göstərir. Ukrayna rəhbərliyi üçün əsas sual artıq “necə qalib gələk?” deyil, “dövlətçiliyi hansı şərtlərlə qoruyaq?” məsələsidir.


Ümumilikdə formalaşan mənzərə onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi regional qarşıdurma çərçivəsini aşaraq Avropa təhlükəsizlik sisteminin yenidən qurulması layihəsinə çevrilib. Rusiya təhlükəsizlik zəmanətləri tələb edir, Avropa genişmiqyaslı eskalasiyadan yayınmağa çalışır, ABŞ isə məsuliyyətin bir hissəsini Avropanın üzərinə ötürür. Bu prosesin mərkəzində Ukrayna dayanır, lakin əsas qərarlar artıq Kiyevdən kənarda formalaşır.

News365.az

Sizin reklam burada
Sizin reklam burada