Rusiya ordusunun real hərbi gücü və resurslarının vəziyyəti uzun müddətdir beynəlxalq ekspertlərin diqqət mərkəzindədir. Ukrayna-Rusiya müharibəsinin dördüncü ili yaxınlaşarkən, politoloqlar bildirirlər ki, mediada yayılan rəqəmlər Rusiya ordusunun real vəziyyətini əks etdirmir.
Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın hərbi imkanları mediada yayılan rəqəmlərdən xeyli zəifdir.

Onun sözlərinə görə, bir ay əvvəl Böyük Britaniya xüsusi xidmət orqanlarının məlumatına əsasən, Rusiyanın artilleriya, tank və hava hücumundan müdafiə imkanları təxminən 14-19% səviyyəsindədir. Yəni, 85-86% artıq istifadə olunub ki, bu da ciddi göstəricidir.
Həsənbəyli əlavə edib ki, Rusiya ehtiyat fondunun 65%-dən çoxunu artıq xərcləyib, bu da Avropa və NATO ilə mümkün müharibə məsələlərində risk yaradır. Ukrayna-Rusiya müharibəsi başlamazdan əvvəl Rusiya ordusunun məğlubedilməz olduğu barədə miflər uydurulsa da, 4 il ərzində ciddi nəticələr əldə edilməyib.
O bildirib ki, Rusiya 50 ilə yaxın sanksiyalara məruz qalmış İrandan dronlar və hərbi sursat alıb, həmçinin Şimali Koreyadan mərmələr və 14 mindən çox döyüşçü cəlb edib. Eyni zamanda, Çinlə bağlı məsələlər də gündəmdədir. Həsənbəyli qeyd edib ki, Rusiyanın öz açıqladığı rəqəmə görə 18 min xarici döyüşçü ön cəbhədə iştirak edir, lakin avtoritar rejimlərdə informasiya cəmiyyətə tam dəqiq ötürülmədiyindən, real rəqəm bundan daha çox ola bilər.
Politoloq vurğulayıb ki, bütün bu göstəricilər Rusiyanın hərbi gücünün real səviyyəsinin mediada verilən məlumatlardan fərqli olduğunu ortaya qoyur.