“Ramiz Mehdiyevin uzantıları hələ də var” - Səbuhi Rəhimli

“Ramiz Mehdiyevin uzantıları hələ də var” - Səbuhi Rəhimli
16:12

“Ramiz Mehdiyevin uzantıları hələ də var”.

Astroloq Səbuhi Rəhimli Tv365 kanalına müsahibəsində Ramiz Mehdiyev ətrafında davam edən qalmaqallı məsələlərə münasibət bildirib.

O, sabiq AMEA prezidentinin uzun illər ərzində formalaşdırdığı siyasi təsir şəbəkəsindən danışıb və bu sistemin izlərinin bu gün də hiss olunduğunu vurğulayıb.

Rəhimlinin sözlərinə görə, Azərbaycan müstəqilliyin ilk illərində çox ağır bir dövrdən keçib:

“O vaxt biz həm yaralı, həm də gücsüz idik. Büdcədə pul yox idi, əhalinin rifahı zəif idi. Belə bir vəziyyətdə birdən-birə köklü dəyişikliklər etmək fəlakətə gətirərdi. Hətta bəzən görürdün ki, kimsə birbaşa Kremlin əmri ilə hərəkət edir, amma o vaxt buna qarşı çıxmaq mümkün deyildi. Bu acizlik yox, sadəcə dövlətin o dövrdəki imkanları ilə bağlı idi.”

Astroloq bildirib ki, zaman keçdikcə dövlət kifayət qədər güclənib və indi hər bir addımı düşünülmüş şəkildə atır:

“Prezident özü də deyib — nəyin, nə zaman və necə ediləcəyini ən yaxşı mən bilirəm. Dövlət emosiyalarla yox, planla hərəkət edir.”

Səbuhi Rəhimli həmçinin qeyd edib ki, Ramiz Mehdiyevin təsir dairəsində olan şəxslər uzun müddət siyasi sistemin içində fəaliyyət göstəriblər:

“Milli Məclisin 125 deputatından təxminən 100-ü onun siyahısı ilə seçilmişdi. Son iki seçkidə isə bu təsirin azalması artıq açıq hiss olunurdu. Çünki Prezidentin göstərişi ilə real demokratik seçkilərə şərait yaradıldı.”

Astroloq vurğulayıb ki, bu gün hələ də həmin sistemin “uzantıları” var və onlar dövlətə qarşı fəaliyyət göstərməkdə davam edirlər:

“Bəziləri hələ də ehtiyatla danışır, çünki qorxurlar. Amma zamanı gələcək, dövlət gücləndikcə hamı cavab verəcək. Ramiz Mehdiyevin qurduğu köhnə sistemin son izləri də bir-bir ifşa olunacaq.”


Sizin reklam burada
Sizin reklam burada