Tovuz döyüşlərinin 5-ci ildönümündə Qusar şəhərindəki Heydər Əliyev prospektində 115 Qusar şəhidinin xatirə guşəsinin açılışı olub.
Qusar rayon Polis Şöbəsinin qarşısında ucalan Xatirə kompleksində Qusarın hər bir şəhidinin barelyefi ucaldılıb.
Açılış mərasimində şəhid valideynləri, qazilər, rayon icra hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimə qatılan Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov iştirakçılara Azərbaycanın hərb tarixinə unudulmaz səhifələr açmış Tovuz döyüşlərinin əhəmiyyətindən danışıb. Qarabağ Müharibəsində Qusarın igid oğullarının xüsusi şücaət göstərdiyini də xüsusi vurğulayan Sahir Məmmədxanov dövlət səviyyəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki işlərdən söz açıb.
Milli Məclisin üzvü Azər Badamov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov, Vətən Müharibəsi şəhidi Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov xatirə kompleksinin qurulmasında əməyi olan insanlara minnətdarlıq ediblər.
Sahir Məmmədxanov Qusar şəhidlərinin yeni xatirə kompleksinin hazırlanmasında dəstəyinə görə Bakıda yaşayan iş adamı Natiq Əliquliyevə öz minnətdarlığını bildirib və onu Qusar icra hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edib.