Xurafat və mövhumatı din adı ilə elə sırıyıblar ki, indi əsl dindən danışıb yazanda bizi dinsizlikdə ittiham edirlər.
Necə ki, Həzrət İsanı da o çağın "din xadimləri" dinsiz adlandırıb çarmıxa apardılar...
Bu gün İslam aləmində elmin, texnologiyaların, kəşflərin inkişaf etməməsi qondarma ruhani təbəqənin vaxtilə beyinlərə yeritdiyi cəhalət və xurafatdır. O xurafat ki, Sabir, Mirzə Cəlil, Haqverdiyev ona qarşı mübarizə aparırdı...
Orta
əsrlərdə İslam aləmi elmdə, fəlsəfədə kifayət qədər irəlidə idi. Təəssüf ki, xurafat şeyxləri elmi dindən ayırdılar. Qəzzali kimi fars şovinistləri İbn Sina, İbn Rüşd kimi təbib, fəqih, filosoflara təkzib yazıb onları küfrdə ittiham etdilər, çox zaman da edam etdirdilər ki, xurafat, mövhumat yaşasın. Təsəvvüf adı altında müsəlmanların əlindən kitabı, qələmi alıb təsbeh verdilər, özlərini də guşənişinliyə, tərki-dünyalığa sürüdülər.
Onun nəticəsində bu günki müsəlman Qəzzalini, İbn Teymiyyəni dilində əzbər edib, amma filosof, alim Əl Kindini, İbn Rüşdü, Fərabini, Əbülhüzeyl Əllafı, Nəzzamı, Cahizi tanımır, heç tanımaq da istəmir...
Quranın "oxu" əmrini sadəcə "Quranı oxu" kimi təfsir edərək müsəlmanları digər elmlərdən uzaq saldılar.
Quranın insanları fəlsəfəyə, anatomiyaya, astronomiyaya, coğrafiyaya səsləyən "dəvəyə baxmırlar necə yaradılıb, göyə baxmırlar ki, necə ucaldılıb, dağlara baxmırlar ki, necə sancılıb, yerə baxmırlar ki, necə döşənib?!" ayələrini sadəcə "ibrət almaq" mənasında yozub müsəlmanları kor, kar, lal etdilər...
Quranın elmə səsləyən mahiyyətini rədd edib xurafat və mövhumatı yaydılıar. İndi əsl alimlərdən və dinin elmə səsləyən əmrlərindən danışanda adama təəccüblə baxırlar.
Tural İrfan, MCP-nin sədr müavini, politoloq