Pəhrizlərin orqanizmə təsiri və son illər geniş yayılan qrup dietlərinin yaratdığı təhlükələr gündəmə gətirilib.
News365.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bu mövzuda qurumun “Instagram” səhifəsində təşkil olunan canlı yayımda danışıb.
Mütəxəssis vurğulayıb ki, pəhriz saxlamaq bədən üçün ciddi stress mənbəyidir və bu vəziyyət bir sıra sağlamlıq problemlərinə yol aça bilər. Onun sözlərinə görə, kəskin qidalanma məhdudiyyətləri yuxu pozuntuları, qəbizlik, hormonal tarazlığın pozulması ilə nəticələnir. Qadınlarda isə aybaşı dövrünün nizamsızlaşması, bədəndə şişkinliyin artması və saç tökülməsi daha tez-tez müşahidə olunur.
Emin Məmmədov bildirib ki, sürətli arıqlama və aqressiv dietlər öd daşının yaranması riskini əhəmiyyətli dərəcədə artırır. O, xüsusilə qrup dietlərini təhlükəli hesab edərək qeyd edib ki, bu proqramlar əksər hallarda həkim nəzarəti olmadan, fərdi sağlamlıq göstəriciləri nəzərə alınmadan tətbiq edilir və son nəticələrə görə məsuliyyət daşınmır.
Onun fikrincə, bu cür diet proqramlarının yayılması əsasən COVID-19 pandemiyası dövründən sonra sürətlənib. Karantin şəraitində insanların çəki almasını fürsətə çevirən bəzi şəxslər internetdən və süni intellektdən əldə olunmuş standart diet planları ilə insanlara yanlış ümidlər veriblər.
Mütəxəssis əlavə edib ki, belə qidalanma proqramları tətbiq edilərkən şəxsin öd daşı, insulin müqaviməti, hormonal problemləri və ya mədə-bağırsaq sistemi xəstəlikləri nəzərə alınmır. Nəticədə insanlar həm sağlamlıqlarına zərər vurur, həm də maddi baxımdan itkilərlə üzləşirlər.
News365.az