"Süni intellekt bizə böyük miqdarda məlumatları analiz edərək
yaşlanma prosesindəki əsas bioloji yolları anlamağa kömək edir. Gələcəkdə
yaşlanma tamamilə müalicə edilə biləcək. Bu, insanların daha uzun və sağlam
ömür sürməsinə imkan verəcək".
News365.az bildirir ki, bu sözləri Metbuat.az-a müsahibəsində dünya miqyasında immunologiya sahəsində tanınmış alim, "ChatGPT Pro" qrantına layiq görülmüş Nyu-York Universitetinin professoru Dərya Unutmaz deyib.
Professor Unutmaz müsahibə zamanı immunitet sisteminin
sirrlərini açaraq COVID-19 pandemiyasının səhiyyə sisteminə təsirini, düzgün
qidalanmanın əhəmiyyətini, süni intellektin müasir tədqiqatlarda necə tətbiq
olunduğunu və onun tibbdə, həmçinin digər sahələrdə inqilabi təsirlərini izah
edib. O, süni intellektin yalnız xəstəliklərin diaqnozu və müalicəsində deyil,
həm də insanın həyat keyfiyyətinin artırılmasında və yaşlanma prosesinin
gecikdirilməsində böyük potensiala malik olduğunu vurğulayıb. Professor müsahibəsində
süni intellekt alətlərindən, o cümlədən ChatGPT-dən tədqiqatlarında necə
istifadə etdiyini və bu texnologiyanın elm sahəsinə gətirəcəyi inqilabi
dəyişikliklərdən söz açıb.
Həmin müsahibənin birinci hissəsini təqdim edirik:
Derya bəy, xoş gəlmisiniz. Sizi burada görməkdən məmnunuq. İlk olaraq, sizi immunologiya sahəsində dərin araşdırmalar aparan bir alim kimi tanıyırıq. Bu sahəyə marağınız necə başladı və karyeranızın ən mühüm məqamları nələr olub?
Çox təşəkkür edirəm. Tibb təhsilim zamanı dördüncü kursda
immunologiya ilə bağlı bir kitabla tanış oldum və bu sahəyə marağım o vaxtdan
başladı. İmmunitet sistemi bədənimizin müdafiə ordusudur. O, xəstəliklərin
qarşısını almaqda mühüm rol oynayır.
Tibb fakültəsini bitirdikdən sonra İtaliyada iki-üç il
çalışdım və laboratoriyalarda təcrübə keçdim. Daha sonra Nyu-York
Universitetinə keçdim və 1995-ci ildən bəri ABŞ-nin müxtəlif universitetlərində
tədqiqatlar apararaq müəllim kimi fəaliyyət göstərdim. Hazırda immunologiya
üzrə professor olaraq fəaliyyətimi davam etdirirəm.
Son dövrlərdə bağırsaq sağlamlığının immunitet sistemi ilə
sıx əlaqədə olduğu barədə çox danışılır. Bağırsaqlarımızın bədənimizin “ikinci
beyni” kimi bir funksiyaya sahib olması fikri düzdürmü? Bu barədə nə
düşünürsünüz?
Bəli,
bu çox vacib bir məsələdir. Son illərdə bağırsaqların immunitet sistemi ilə sıx
əlaqəsini daha yaxşı anlamağa başladıq. Bağırsaqların içərisində milyonlarla
faydalı bakteriya mövcuddur və bu bakteriyalar yalnız mikroorqanizmlər deyil,
həm də bədənimiz üçün faydalıdır. Onlar immunitet sistemi ilə sıx əlaqədədir və
sanki immunitet sistemini “öyrədirlər”. Bağırsaqların sağlamlığı insanın ümumi
sağlamlığı üçün əsasdır.
Yediyimiz
qidalar bağırsaqlarda olan bakteriyalara təsir edir. Məsələn, sağlam qidalar
(yoğurt və digər fermentasiya olunmuş qidalar) faydalı bakteriyaların
çoxalmasını təşviq edir, bu da immunitet sistemi və digər orqanlar üçün
faydalıdır. Ancaq çox yağlı, qızartma yeməklər və həddindən artıq şəkər pis
bakteriyaların artmasına səbəb olur. Bu sistem bağırsaqlara ciddi təsir
göstərir. Hətta gələcəkdə faydalı bakteriyalar dərman kimi istifadə edilə
bilər. Yəni yaxşı bakteriyaları toplayıb ehtiyacı olan insanlara vermək mümkün
olacaq. Bu, həddindən artıq çəki problemini həll edə və yaşlanmağı gecikdirə
bilər.
Siz də
təsdiq edə bilərsiniz, son illərdə insanlar qripi də daha ağır keçirir. Bunun
səbəbi nədir? Antibiotiklərdən həddindən artıq istifadə ilə bağlı nə
düşünürsünüz?
Antibiotiklər
çox faydalıdır, ancaq yalnız bakterial infeksiyalar üçün. Virus
infeksiyalarında, məsələn, qripdə antibiotiklər heç bir fayda vermir. Əksinə,
bağırsaqdakı faydalı bakteriyaları məhv edir və bədəninizdə tarazlığı pozur.
Antibiotiklər yalnız ciddi ehtiyac olduqda istifadə edilməlidir. Bağırsaq
mikroflorasını bərpa etmək üçün ən vacib şey düzgün qidalanmadır. Uşaqlar üçün
ana südü çox önəmlidir, çünki həm bakteriyalar, həm də onların artmasını təmin
edən molekullar oradan gəlir. Qidalanma rejimi ilə ölmüş faydalı bakteriyaları
yenidən aktivləşdirmək mümkündür.
Unutmayın,
əgər sağlam qidalanırsınızsa, əlavə vitaminlərə ehtiyac yoxdur. Amma bəzi
hallarda, məsələn, D vitamini çatışmazlığı və ya B12 vitamini çatışmazlığı
varsa, bunları qəbul etmək vacibdir. Lakin çox vaxt əlavələr faydasızdır.
Düzgün qidalanma daha vacibdir. Yeməkləri dərman kimi qəbul etmək lazımdır.
Ancaq bəzi hallarda, məsələn, yaşlandıqca müəyyən əlavələr faydalı ola bilər.
Əsas odur ki, insanlar yediklərinə diqqət etsinlər və stressdən uzaq olsunlar.
Həm də düzgün və kifayət qədər yuxu immunitet üçün ən vacib amillərdən biridir.
Professor,
pandemiyalarla bağlı danışmaq istərdim. COVID-19 pandemiyası dünya səhiyyə
sistemini necə dəyişdirdi? Gələcəkdə bənzər pandemiyalara qarşı necə hazırlıqlı
ola bilərik?
Pandemiya
çox çətin proses oldu. Əvvəlcə insanlar nə edəcəyini bilmirdilər. Belə
pandemiyalar nadir hallarda baş verir, bəlkə də yüz ildən bir. COVID-19
pandemiyasından çox şey öyrəndik. Texnologiyamız çox irəlilədi və çox sürətli
şəkildə peyvəndlər hazırlandı. Gələcəkdə yeni pandemiya olsa, biz daha
hazırlıqlı olacağıq. Məsələn, maskaların əhəmiyyətini gördük. Vaksinasiya
başlayandan sonra isə maskaların istifadəsinə ehtiyac azaldı. Amma bəzi səhvlər
də edildi: məktəblərin uzun müddət bağlı qalması və yaşlıların çox müddət evdə
qalması onların psixologiyasına mənfi təsir etdi. Biz bu səhvlərdən dərs
almalıyıq. Eyni zamanda, yeni virusları izləmək və onları erkən mərhələdə
nəzarətə almaq çox vacibdir.
Pandemiya
zamanı səhiyyə sistemlərinin zəif tərəfləri ortaya çıxdı. Amma eyni zamanda
texnologiyanın, xüsusən də süni intellektin necə faydalı olduğunu gördük. Yeni
peyvəndlər çox sürətli bir şəkildə hazırlandı. Gələcəkdə pandemiyaların
qarşısını almaq üçün daha çevik qərar mexanizmləri qurulmalı və virusların
erkən monitorinqi aparılmalıdır. Düşünürəm ki, süni intellekt bu sahədə böyük
rol oynaya bilər.
Sizin
süni intellektlə elmi araşdırmalar apardığınızı bilirik. Süni intellektdən necə
istifadə edirsiniz və bu texnologiyanın insanlığın gələcəyinə təsiri necə
olacaq?
Süni
intellekt indiyə qədər insanlıq tarixində var olmuş ən böyük inqilablardan
biridir. Bu texnologiyanın çox böyük potensialı var. Mən uzun müddətdir süni
intellektlə maraqlanıram və onun elmi tədqiqatlarda necə faydalı olduğunu
görürəm. Məsələn, mən süni intellektlə xərçəngin müalicəsi üzərində işləyirəm.
Süni intellekt mənə yeni ideyalar verir və tədqiqatlarımı sürətləndirir. Bu
texnologiya sayəsində gələcəkdə müalicə edə bilməyəcəyimiz xəstəlik qalmayacaq.
Məncə, süni intellekt bütün sahələrdə böyük dəyişikliklər yaradacaq. Ancaq
dövlətlər və təşkilatlar bu sürətli inkişafa hazırlıqlı olmalıdırlar. Süni
intellekt mənim tədqiqatlarımda böyük rol oynayır. ChatGPT-dən həm gündəlik
işlərdə, həm də elmi tədqiqatlarda istifadə edirəm. Məsələn, bir layihəni hazırlayarkən
çox vaxt sərf edirdim, amma ChatGPT ilə bu proses çox sürətlənir. Hətta bəzi
tədqiqatlarda mənə yeni ideyalar verir ki, bu, çox faydalıdır. Süni intellekt
elmi inqilab yaradır və mən düşünürəm ki, bu, gələcəkdə daha da təsirli olacaq.
Bəziləri
düşünür ki,süni intellekt gələcəkdə insan zəkasını tamamilə əvəz edə bilər.
Məsələn, həkimlər, mühəndislər, proqramçılar və digər peşələrdə çalışanlar
işsiz qala bilərlər. Sizcə, bu, həqiqətən də realdır, yoxsa yalnız
elmi-fantastik filmlərin mövzusudur?
Bu,
çox vacib bir sualdır və dövlətlərin, təşkilatların ciddi şəkildə üzərində
dayanmalı olduğu bir mövzudur. Süni intellekt fırtına kimi gəlir və onun həm
müsbət, həm də mənfi tərəfləri var. Məsələn, bəzi peşələr – təkcə sənət
sahəsində deyil, həm də mühəndislik, proqramlaşdırma və hətta tibb sahəsində –
süni intellekt tərəfindən əvəz edilə bilər. Amma bu qaçılmaz bir prosesdir və
bunu dayandırmaq mümkün deyil. Biz bu texnologiyanı necə ən yaxşı şəkildə
istifadə edə bilərik, buna fokuslanmalıyıq.
İnsanlar
artıq tarlalarda işləmirlər, onların əl əməyini maşınlar əvəz edib. Amma
insanlar yeni işlər tapıb fərqli sahələrdə çalışıblar. Gələcəkdə süni
intellektlə insanlar daha az işləyib, ailələrinə və hobbilərinə daha çox vaxt
ayıra biləcəklər. Əsas məsələ, bu keçid prosesini düzgün idarə etməkdir. Bunun
üçün dövlətlər, cəmiyyətlər və təhsil sistemləri süni intellektə uyğunlaşmalı
və insanları buna hazırlamalıdır.
İnsanların
süni intellektdən qorxması əvəzinə, onu öz işlərini yaxşılaşdırmaq üçün
istifadə etməsi lazımdır. Məsələn, həkimlər süni intellektdən diaqnoz qoymaqda,
tibbi araşdırmalar aparmaqda istifadə edə bilərlər. Mən hər zaman deyirəm ki,
gələcəkdə bütün həkimlər süni intellektlə işləməli olacaqlar. Çünki istifadə
etməyənlər rəqabətə davam gətirə bilməyəcək.
Təbii
ki, bəzi insanlar işsiz qala bilər, bu reallıqdır. Amma tarix boyu
texnologiyanın inkişafı ilə yeni sahələr yaranıb. İndiki dövrdə də insanlar
daha az işləyərək, daha çox yaradıcılıqla məşğul ola bilərlər. Süni intellekt
həm də maliyyətləri azaldır və məhsuldarlığı artırır, bu da ümumi rifahın
artmasına səbəb olacaq. Əgər düzgün idarə olunarsa, bu texnologiya cəmiyyətlərə
böyük fayda verə bilər. Amma hazırlaşmaq üçün çox az vaxt qalıb – bu proses
artıq başladı və yaxın 5-10 ildə təsirləri daha da görünəcək.
Süni
intellektin inkişaf sürəti çox təəccüblüdür. Sizcə, o, insan beyninin tam
potensialını keçəcəkmi?
Bu çox
maraqlı bir sualdır. Hazırkı vəziyyətdə süni intellekt artıq insan beyninə çox
yaxınlaşır. Böyük dil modelləri (məsələn, ChatGPT) vasitəsilə süni intellekt
yalnız məlumatı emal etməklə kifayətlənmir, həm də yaradıcılıq nümayiş etdirir.
Bu, bizim beynimizin necə işlədiyini anlamamız üçün də böyük bir fürsətdir.
Süni intellektin beyin kimi işləməsi tam mümkün olmasa da, onun müəyyən
funksiyalarda daha yaxşı performans göstərə biləcəyini artıq görürük.
Biz
buna "ümumi süni intellekt" deyirik. Əgər bu mərhələyə tam çatsa,
süni intellekt insanın edə biləcəyi hər şeyi edə biləcək. Amma burada diqqətli
olmaq lazımdır. Süni intellektin yaradıcılığı, qərar qəbuletmə qabiliyyəti və
etik çərçivələri necə qurulmalıdır? Bu, gələcəyin ən mühüm mövzularından
biridir.
Dərya
bəy, süni intellektlə bəşəriyyətin ən böyük problemlərini həll etmək
mümkündürmü?
Əlbəttə,
süni intellekt vasitəsilə həll edilə bilməyəcək problem demək olar ki, yoxdur.
Tibbdə müalicəsi çətin olan xəstəliklər, məsələn, xərçəng və ya Alzheimer
xəstəliyi, süni intellektin köməyi ilə daha yaxşı anlaşılacaq və müalicə
ediləcək. Hətta yaşlanmanın qarşısını almaq üçün də süni intellektdən istifadə
edəcəyik. Sosial problemlərdən tutmuş ekoloji problemlərə qədər hər şeydə süni
intellektdən faydalanmaq mümkündür.
Bu
texnologiyanın ən böyük üstünlüyü məlumatları çox sürətli emal etməsidir. Süni
intellekt bizə həm elmi, həm də sosial sahələrdə inanılmaz bir irəliləyiş təmin
edə bilər. Amma bu prosesin düzgün idarə olunması və etik qaydalarla
tənzimlənməsi vacibdir.
Yaşlanmadan
danışdınız, deyirlər ki, yaşlanmanı gecikdirmək, hətta geri çevirmək mümkündür?
Bu,
artıq reallığa çevrilməkdədir. Süni intellekt və biotexnologiyanın birgə
tətbiqi yaşlanmanı yavaşlatmaq və ya hətta geri çevirmək üçün yeni üsullar
təqdim edir.
Yaşlanma
bioloji bir prosesdir və uzun müddət ərzində dəyişməz bir şey kimi qəbul
olunurdu. Amma son onilliklərdə bu prosesin bəzi aspektlərini başa düşməyə
başlamışıq. Artıq yaşlanmanın səbəblərini anlamaq və onu yavaşlatmaq, hətta
müəyyən dərəcədə geri çevirmək üçün ciddi araşdırmalar aparılır.
Süni
intellekt bu sahədə inqilab yaradır. Məsələn, süni intellekt vasitəsilə
yaşlanmanın səbəb olduğu hüceyrə zədələrini daha yaxşı təhlil etmək və bu
zədələrin qarşısını almaq üçün daha effektiv üsullar hazırlamaq mümkündür. Süni
intellekt bizə böyük miqdarda məlumatları analiz edərək yaşlanma prosesindəki
əsas bioloji yolları anlamağa kömək edir. Bir çox mütəxəssis inanır ki,
gələcəkdə yaşlanma tamamilə müalicə edilə bilən bir problemə çevriləcək. Bu,
insanların daha uzun və sağlam ömür sürməsinə imkan verəcək. Amma bununla bağlı
hələ də etik və sosial problemlər mövcuddur. Məsələn, əgər yaşlanmanı
dayandırmaq mümkün olsa, bu, cəmiyyətlərdə ciddi sosial və iqtisadi
dəyişikliklərə səbəb ola bilər.
Hazırda
yaşlanma ilə bağlı ən maraqlı tədqiqat sahələrindən biri "hüceyrə
gəncləşdirilməsi" texnologiyalarıdır. Bu texnologiyalar vasitəsilə
qocalmış hüceyrələr yenidən gənc hüceyrələrə çevrilə bilər. Süni intellekt bu
texnologiyaların inkişafında mühüm rol oynayır. Hüceyrələrin yenilənməsi,
genetik modifikasiyalar və fərdi tibbi yanaşmalar bu sahədə böyük
irəliləyişlərə səbəb olacaq.
Ümid
edirəm ki, yaxın gələcəkdə bu texnologiyalar hər kəsin həyat keyfiyyətini
artıracaq.