Qız Qalasına giriş məktəblilər üçün PULSUZ olsun – TƏKLİF

Qız Qalasına giriş məktəblilər üçün PULSUZ olsun – TƏKLİF
10 Apr 2025 17:14

Tarixi abidələri, muzeyləri gəzmək, öyrənmək azyaşlıların dünya görüşünün artmasına təsir edir.

Buna görə də məktəblərdə də tez-tez mədəni-tarixi abidələrə, muzeylərə ekskursiyalar təşkil edilir. Bu ekskursiyalar çərçivəsində tez-tez ziyarət edilən məkanlardan biri də əlbəttə ki, Qız Qalasıdır.

Nəzərə çatdıraq ki, İçərşəhərdə yerləşən qalaya şagirdlər üçün giriş 1 manatdır. Əvvəlki illərdə isə bu qiymət 20 qəpik olub.

Bəs indiki məbləğ şagirdlərin tarixi yerlərə marağının, gəzmək həvəsinin azalmasına səbəb ola bilər?

Mövzuyla bağlı deputat  Elnarə Akimovanın fikirlərini öyrənib. Millət vəkili qalaya giriş qiymətini yüksək hesab etmir.

“Bu gün  1 manatın o qədər də böyük dəyəri qalmayıb. Hər şeyə pul tapan şagird bizim tarixi dəyərlərimizə daha çox pul versə də, dəyər. Buna görə də bunu böyük bir problem hesab etmirəm”.

Bəs giriş ümumiyyətlə ödənişsiz olsa, necə olar?

“Ödənişsiz olsa, daha yaxşı olar. Amma yəqin ki, müəyyən bir büdcə də olmalıdır. Əvvəldən bizim tarixi abidələrimiz, muzeylərimizin biletlərinin bir qiyməti olub. Ona görə də pulsuz olsa, daha yaxşı olar.  Amma məncə,  tarixi abidələrimizə baxmaq istəyən üçün o pul böyük bir problem yaratmaz”, - deyə Milli Məclisin üzvü fikirlərinə əlavə edib.

Elnarə Akimova  şagirdlərin pullarını muzeylərə, kitab sərgilərinə xərcləməsinin tərəfdarıdır:

“Yaxşı olar ki, bizim məktəblilərimizin pulu kitab sərgilərinə gedib, kitab almağa, tarixi abidələrimizin ziyarətinə xərclənsin. Bu, onların milli mənəvi dəyərlər ruhunda böyümələri, tərbiyələnmələri üçün böyük bir baza rolunu oynayacaq”.

Qeyd edək ki, Qız Qalasına giriş qiymətləri isə belədir:

yerli vətəndaşlar – 4 AZN

xarici vətəndaşlar – 15 AZN

yerli tələbələr - 2 AZN

xarici məktəbli - 6 AZN


Sizin reklam burada
Sizin reklam burada