Qərbin səlib yürüşünün rəngli çalarları- Tural İrfan yazır
Təhlil
09:23
Qərbin ideoloji institutları müsəlman ölkələrində həmişə qanayan bir yara, bir problem, münaqişə ocağı saxlamağa böyük əmək, maliyyə sərf edirlər. Vaxtilə İranla İraq arasında Şəttül ərəb sahilinin uğrunda 8 illik müharibədə 1 milyondan çox müsəlman öldü. Bunun özü Qərb üçün böyük "nailiyyət" idi. Həm də hər iki tərəfə silah satıb pul qazanırdılar.
Hindistan ilə Pakistan arasında Kəşmir problemi də bu qəbildəndir. Lazım olan vaxt aranı qızışdırırlar ki, müsəlman Pakistanın başı özünə qarışsın.
Səlib yürüşləri fərqli üsul və üslubda daha konkret formada davam edir. Hətta Ermənistan və Azərbaycan arasındakı keçmiş Qarabağ problemi də bu məqsədlə yaradılmışdı. Həll olunmasından çox narahat oldular. Ona görə Fransa başda olmaqla Qərb dövlətlərinin bir çoxunun yuxusu ərşə çəkilib. Ermənistanın baş keşişinin Pasxa bayramındakı məktub - müraciətinin mətni mən dediklərimi tamamilə təsdiq edir.
Adam açıq - aşkar din müharibəsi aparmalı olduqlarını qeyd edirdi.
Əgər İslam dünyasındakı mübarizələrdə dini çalarlar, şüarlar çılğınlıqla və açıq şəkildə elan edilirsə, bundan da Qərb şantaj məqsədi ilə istifadə edirsə, Qərb, Avropa isə səlib təfəkkürünü heç də müsəlmanlar kimi dini adlarla nümayiş etdirmir. Bunu "insan haqları", "demokratiya", "azadlıq", "qadın haqları", "tolerantlıq" və sair dünyəvi kod adlar altında icra edir.
Türkiyəni qarışdırdılar. İndi də ən yaxın müsəlman müttəfiqlərindən olan Pakistana yönəliblər. İmran Xanın həbs edilməsindən sonra əslində Pakistanla bağlı işlər aparılırdı.
Ehtiyyat edilir və ehtimal edilir ki, Türkiyə həlledici müharibə mövqeyinə keçərsə nüvə dövlətli olaraq ona Pakistan ciddi dəstək verəcək. Və Türk dövlətləri birliyi burada rol oynaya bilər. Odur ki, Türkiyənin qol - qanadını budamaq məqsədi ilə eyni zamanda Özbəkistan, Qazaxıstan, Türkmənistana Aİ-ı qrant ayırıb Kipr məsələsində öz tərəfinə çəkdi. Bu tərəfdən də Pakistanla Hindistan arasında gərginlik yaradıb müsəlman dövlətlərinin tərəfini müəyyən edirlər ki, siyasi cəbhədə parçalanma yaransın.
Əslində dünyada adsız səlib yürüşü davam edir. Aşıq və elan edilmiş fazada olmasa da mahiyyəti etibarı ilə reallıqlar bunu çılpaq şəkildə sübut edir.