Qazaxıstanda keçirilən “Karasora-2025” adlı xüsusi əməliyyat çərçivəsində ölkə üzrə narkotik istehsalı və dövriyyəsinə ağır zərbə vurulub.
News365.az xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iyun ayı ərzində aparılan tədbirlər nəticəsində 9 gizli narkotik laboratoriyası aşkarlanaraq ləğv edilib.
Ümumilikdə 677 cinayət faktı qeydə alınıb, qanunsuz dövriyyədən 6 ton narkotik vasitə çıxarılıb. Onların arasında 2 ton marixuana, 47 kiloqram həşiş, 155 kiloqram sintetik maddə və 8,5 ton kimyəvi prekursor var. Bundan əlavə, 27 mindən çox narkotik tərkibli bitki məhv edilib.
Əməliyyat nəticəsində biri beynəlxalq əlaqələri olan üç mütəşəkkil cinayətkar qrupun fəaliyyəti də dayandırılıb.
Nazirliyin məlumatına görə, aviasiya nəzarəti çərçivəsində 40 uçuş həyata keçirilib, dron və helikopterlərdən istifadə olunub. Bu zaman ümumi çəkisi 1 tondan artıq olan 5 mindən çox narkotik kolu aşkar edilərək götürülüb.
News365.az