“Humanitar Tədqiqatlar” İctimai Birliyi Qazax rayonunda növbəti maarifləndirmə tədbiri keçirib.
Qazax Ədəbiyyat Muzeyinin akt zalında keçirilən tədbirdə Qazax rayonundan olan 20 nəfər gənc iştirak edib. Tədbirin məqsədi ilə bağlı iştirakçılara məlumat verən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, tədbir “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində keçirilir:
“Layihə Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edir. 3 aydır davam edən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Müharibədən ən çox zərər çəkən rayonlarımızdan biri də Qazax rayonu olub. Qazax rayonunun 8 kəndi uzun illər Ermənistanın işğalı altında qalıb. Onlardan 4-ü hələ də düşmən nəzarətindədir. İcra etdiyimiz layihənin də məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır”.
Daha sonra layihənin eksperti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov müharibə zamanı ekologiyaya və ətraf mühitə dəyən zərərlə bağlı təqdimat edib.
Ekspert bildirib ki, layihə çərçivəsində region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur.
Eksprt təqdimat zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində ekologiyaya vurulan zərər konkret rəqəmlərlə və fotolarla iştirakçıların nəzərinə çatdırıb. Vurulan zərərin aradan qaldırılması üçün icma iştirakçılığının rolu diqqətə çatdırılıb.
Daha sonra Qazax rayonunda mövcud ekoloji problemlər və onların həll yolları müzakirə edilib. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsi ilə bağlı müzakirə aparılıb.