PUA 4 şəhəri işıqsız qoydu

PUA 4 şəhəri işıqsız qoydu
05 İyn 2025 12:26

Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz uçuş aparatları ilə endirilən zərbələrə görə Zaporojye vilayətinin 4 şəhəri və üç bələdiyyə rayonu işıqsız qalıb. Bu barədə vilayətin qubernatoru, Rusiya yönlü kollaborant  Yevgeni Balitski özünün Telegram kanalında məlumat verib.


"Melitopolun bir hissəsi, Kamenka-Dniprovskaya, Enerqodar, Berdyansk, Akimovski, Primorski və Çerniqov bələdiyyə rayonları işıqsız qalıb. Suyun təzyiqi azalıb", - o yazıb.


Balitskinin sözlərinə görə, fövqəladə hallar xidmətləri hücumların nəticələrinin aradan qaldırılması üzərində işləyir.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.


Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada