Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasının Vaqarşapatda qələbəsini bütün ermənilərin katolikosu II Qareqini postundan uzaqlaşdırmaq üçün "mandat" kimi qəbul edib.
News365.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.
"Siz "Vətəndaş Müqaviləsi"nin dövlətçiliyimizin, müstəqilliyimizin, suverenliyimizin və azadlığımızın möhkəmləndirilməsi strategiyasına şübhəsiz dəstək göstərdiniz. Seçiminizlə Eçmiədzinin Ktriç Nersisyandan (Katolikosun dünyəvi adı, din xadimlərinə münasibətdə istifadə edilməsi yolverilməzdir) azad edilməsi prosesinə mühüm təkan verdiniz", - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, "Vətəndaş Müqaviləsi"nin Eçmiədzindəki qələbəsi 2026-cı ilin iyununda ölkədə keçiriləcək parlament seçkilərinin özünəməxsus "prelyudiyası"dır.
Qeyd edək ki, Ermıənistanın hakim partiyası Armavir vilayətinin (Eçmiədzin, Xoy və Voskeat yaşayış məntəqələri) Vaqarşapat icmasında Ağsaqqallar Şurasına keçirilən seçkilərdə qalib gəlib.
İlkin məlumatlara görə, "Vətəndaş Müqaviləsi" həmin seçkilərdə səslərin 48,6 %-ni toplayıb və bu göstərici ilə adıçəkilən icmada təkbaşına idarəetmə səlahiyyəti əldə edə bilər.