Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ölkənin dini rəhbərliyi arasındakı gərginlik daha da dərinləşir.
News365.az xəbər verir ki, Paşinyan son günlərdə olduğu kimi, iyunun 9-da da sosial şəbəkə hesabından erməni kilsəsinin başçısı II Qareginə qarşı yeni ittihamlar səsləndirib.
Baş nazir bildirib ki, bütün ermənilərin katolikosu olan II Qaregin, kilsəyə rəhbərlik etməzdən əvvəl könüllü şəkildə qəbul etdiyi subaylıq əhdini pozub və övladı var. “Bu faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, onun yalanını sübut edən dəlilləri təqdim edəcəyəm”, – Paşinyan yazıb.
O, həmçinin qeyd edib ki, Erməni Apostol Kilsəsinin nizamnaməsinə əsasən, belə bir hal katolikosun vəzifəsini davam etdirməsini mümkünsüz edir. “Katolikos II Qaregin Eçmiədzin taxtını tərk etməlidir. Yeni və əxlaqi nümunə göstərən dini lider seçilməlidir”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir bütün dindarları və ictimaiyyəti bu prosesə dəstək verməyə çağırıb: “Erməni Apostol Kilsəsi yeni katolikos seçməli, bu prosesdə cəmiyyət birləşməlidir”.
Siyasi təhlilçilər baş verənləri Ermənistan daxilində güc balansının dəyişməsi üçün atılan addımlar kimi qiymətləndirirlər.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyanın II Qaregin haqqında belə həssas informasiyanı açıqlaması təsadüfi deyil.
Onun sözlərinə görə, bu məlumat ya Ermənistanın kəşfiyyatı, ya da xarici xüsusi xidmət orqanları tərəfindən Paşinyana ötürülüb:
“Əgər bu məlumatlar doğrudursa, böyük ehtimalla həmin dairələr Paşinyanın rəqiblərini – xüsusilə də Rusiyaya yaxın çevrələri zəiflətmək məqsədi güdürlər. Bu, həm də Robert Köçəryanın siyasi geri dönüş cəhdlərinə qarşı Paşinyanın cavab addımıdır”.
Şahinoğlu onu da qeyd edib ki, Ermənistanın daxilində baş verən bu cür proseslər Azərbaycanın maraqlarına da dolayısı ilə uyğun ola bilər:
“Paşinyan daxili rəqiblərini zəiflədib mövqeyini gücləndirdikcə, sülh gündəmini irəli aparmaq imkanları artır. Bu isə regionda sabitliyə xidmət edir”