Dünyanın ən qəribə ölkəsi: Sinqapurda qucaqlaşmaq belə qadağandır! - VİDEO

Dünyanın ən qəribə ölkəsi: Sinqapurda qucaqlaşmaq belə qadağandır! - VİDEO
07 İyn 2025 20:00

Bugünkü səfərimiz bizi Asiyanın texnologiya və nizam nümunəsi olan Sinqapura aparır. Bəs bu kiçik ada dövləti necə oldu ki, dünyanın ən zəngin ölkələrindən birinə çevrildi? Sinqapurda saqqız çeynəmək niyə qadağandır? Gəlin birlikdə həm müasirliyinə, həm də qeyri-adi qaydalarına baxaq!


Sinqapur Vatikan və Monako ilə birlikdə dünyanın azsaylı şəhər-dövlətlərindən biridir. Bu gün Asiyanın ən məşhur ölkələrindən biri olan Sinqapur nizam-intizamı, təmiz küçələri, maraqlı qaydaları və qeyri-adi qadağaları ilə ön plana çıxır. Əgər intizamlı və qaydalı bir ölkədə yaşamağı düşünürsünüzsə, yəqin ki, Sinqapurdan daha yaxşısını tapa bilməzsiniz. Təxminən 40-a yaxın adaya sahib olsa da, ölkə bir şəhər-dövlətdir və paytaxtı da Sinqapur adlanır. Ölkə Cənub-Şərqi Asiyada yerləşən ən kiçik dövlətdir və sadəcə bir şəhərdən ibarətdir.


Sinqapur tam olaraq şimalda Malayziya, cənubda isə İndoneziya ilə qonşu olan kiçik bir Asiya ölkəsidir. Ümumi ərazisi cəmi 733 kvadrat kilometrdir. Dünya xəritəsinə uzaqdan baxdıqda bu ölkənin olub-olmaması belə hiss olunmur. Sinqapur iqtisadi baxımdan əsl firavan ölkədir. Burada müasir həyatla bağlı danışılacaq çox məsələ var. Amma əvvəlcə bu torpaqların necə əldə edildiyinə və necə ölkəyə çevrildiyinə baxaq.


Tarixi macərası ümumilikdə XI əsrdən etibarən formalaşan Sinqapur, o dövrlərdə Temasek kimi fərqli adlarla tanınırdı. Bir gün Malayziyalı bir şahzadə bölgədə vəhşi və əzəmətli bir aslan gördüyündən bu adaya malay dilində "aslan" mənasını verən "Singa" və "şəhər" mənasını verən "Pura" sözlərindən yaranan ad verilir. Yəni Sinqapur bu gün Asiya xalqları arasında "Aslan şəhəri" kimi tanınır. əsl müasir dövrü isə 1800-cü illərdə ingilislərin bölgədə liman qurması və ticarətə açması ilə başlayır. Təbii ki, ingilislər bir bölgəni səbəbsiz inkişaf etdirmirlər. Onlar bölgəni ticarət şəhərinə çevirərək, Sinqapurun qazandığı bütün gəliri Hollandiya ilə bölüşürdülər. Yəni 1895-ci ilə qədər Sinqapur ingilislərin nəzarətində idi. Lakin Cənub-Şərqi Asiya xalqları bölgənin Asiya xaricindən bir toplum tərəfindən idarə olunmasını qəbul edə bilmədi və Malayziyanın başçılığı ilə "Malaya" adlı federasiya qurdular. Bu güc birliyi qarşısında ingilislər və hollandlar həm Malayziya, həm də Sinqapur kimi yerlərdən çəkilməli oldular. Beləliklə, Sinqapurun müstəqilliyi yolunda ilk təməllər atıldı. 9 avqust 1965-ci ildə isə Sinqapur tam müstəqil bir respublika olaraq ölkə statusunu qazandı. 


Sinqapur Ekvatora sadəcə 137 kilometr uzaqlıqdadır. Ekvator bölgələrinin əksəriyyətində olduğu kimi, Sinqapur da musson yağışlarının təsiri altındadır. Əgər səfər etmək və yağışsız bir dövrə təsadüf etmək istəyirsinizsə, may-iyul aylarını seçə bilərsiniz. İl boyu isti olan bu ölkədə donvurma səviyyəsində soyuqlara rast gəlmirsiniz. Bu da qışda soyuqdan qaçmaq istəyən zəngin insanların Sinqapura axın etməsinə və turizmin canlı qalmasına səbəb olur. Belə ki, qışda hava təxminən 25 dərəcə olur, yayda isə 40 dərəcəyə qədər yüksələ bilər. 


 Bu gün Sinqapur parlamentli demokratiya ilə idarə olunur. Prezident ümumi səsvermə ilə seçilir və ölkənin başçısı sayılır. Həmçinin qonşuluğundakı Malayziyanın avtoritar idarə üsulundan fərqli olaraq, Sinqapurun məhkəmə və ədalət sistemi Asiyanın ən etibarlı hüquq sistemlərindən biri hesab olunur. Çünki ingilislər buranı ələ keçirəndə getmək fikrində deyildilər. Həm yerli resursları istismar edir, həm də burada yeni bir şəhər inşa edirdilər. Bunu edərkən Sinqapurda möhkəm təməllərə söykənən hüquq sistemi də qurmuşdular. Bu sayədə, əgər Sinqapur xalqı ingilislərə qarşı çıxsa idi, güclü bir hüquq sistemi əsasında mühakimə olunacaqdılar. O dövrlərdən bəri Sinqapur xalqı hüququn nə demək olduğunu öyrəndi və bu gün Asiyada ən az korrupsiya olan ölkələr sırasındadır. Amma Sinqapur deyiləndə ağla daha fərqli şeylər də gəlir. Məsələn, ölkə qəribə və çoxsaylı qadağaları ilə diqqət çəkir. Bu səbəbdən, Sinqapur bəlkə də uzun müddət yaşamaq istəməyəcəyiniz bir ölkə ola bilər və videonun əsas mövzusuna keçməzdən əvvəl bu qadağalardan da qısaca bəhs etmək istəyirəm.


Sinqapurda yerə zibil atmaq qəti şəkildə qadağandır — bu qanunun yerinə yetirilməsinə son dərəcə ciddi yanaşılır. Dünyanın başqa bir yerində bu qaydanı pozsanız, çox vaxt sadəcə xəbərdarlıq alar və ətrafınızdakılardan tənqid eşidərsiniz. Amma Sinqapurda təmiz ətraf mühit siyasəti ciddi şəkildə tətbiq olunur. Əgər Sinqapurda istəmədən belə yerə zibil atsanız, etdiyiniz pozuntunun ağırlığından asılı olaraq cibinizə minlərlə dollar cərimə yazılır. Buna görə də Sinqapurun küçələrində, parklarında və çimərliklərində yerə atılmış bir parça zibilə belə rast gəlmək mümkün deyil. Digər tərəfdən, sinqapurlular sidik sensorlu liftlər hazırlamaq ehtiyacı duyublar. Görünür ki, bəzi insanlar liftlərə sidik ifraz etməyə meyilli olublar ki, bu sensorlar sayəsində bunu edənlər dərhal müəyyən olunur və cəzalandırılır. Bundan əlavə, ölkəyə saqqız gətirmək və saqqız ticarəti aparmaq, eləcə də saqqız çeynəmək qətiyyən qadağandır. Onlar yerə atılmış saqqızların yerə yapışaraq şəhərə zərər verdiyini düşünürlər. Bununla bağlı olaraq, yerə tüpürmək də tamamilə qadağandır. Narkotik tipli maddələrdən istifadə etsəniz, alacağınız cəza ölüm hökmünə qədər çata bilər. 


Sinqapurlular həmcinslər arasında cinsi münasibətə tamamilə dözümsüz yanaşırlar. Eyni cinslə münasibətdə olan birinə 2 il həbs cəzası verilir. Ölkədə pornoqrafik məzmunlu jurnalların satışı, bu tip saytlarda gəzinmək və ya çılpaq şəkildə gəzmək də ağır cəzalara səbəb ola bilər. Hətta gecə yarısından sonra duş qəbul etmək də qadağandır.


Küçələrdə su xaricində başqa içki içmək olmaz və ictimai nəqliyyatda heç nə yemək olmaz. Sinqapurla bağlı bəlkə də ən qəribə tapacağınız həqiqət iki insanın bir-birinə sarılmasının qadağan olmasıdır. Bu sizə “bu da olar?” dedirə bilər, amma gerçəkdir. Qarşınızdakı bir insanı qucaqlamaq, sarılmaq və ya qəfil öpmək sizi həbsə sala bilər.


Bəs bütün bu qadağalar pozulanda necə tutulursunuz? Sinqapurda adi bir vətəndaş kimi cəmiyyətin içində dolaşan sivil müfəttişlər var. Bu müfəttişlər xalqı daim və hər an izləyir. Əhali qaydalara əməl etməzsə və bir pozuntu törədərsə, müfəttişlər dərhal müdaxilə edir və sizi tutur. Bu səbəbdən xalq arasında bir qorxu var və qadağalara tam uyğunluq təmin olunur. Sinqapurda öyrəşmədiyiniz daha bir məqam isə bərbərlərlə bağlıdır.


Bu ölkədə saç kəstirmək üçün xidmətə görə yox, dəqiqəyə görə pul verirsiniz. Əgər bərbər saçınızı 10 dəqiqəyə kəssin və işini bitirsin istəyirsinizsə, daha az pul ödəyirsiniz. Yox əgər deyirsinizsə ki, bərbər yarım saat saçımla məşğul olsun, gözəl kəsim etsin – bu halda daha çox pul verirsiniz. Saçınız nə qədər uzun olsa da, əgər 10 dəqiqəlik tıraş alırsınızsa, bərbər bu işi 10 dəqiqəyə tamamlayır. Təbii ki, Sinqapurun bu cür qayda və qadağaları sizi ölkədən soyutmasın.


Ölkə ilə bağlı kifayət qədər darıxdırıcı qadağalara toxunduqdan sonra xalqın yaşayışına bir az da yaxın baxaq.


Əvvəlcə onu qeyd edim ki, Sinqapur xalqı Sinqapur dollarından istifadə edir. 1 Sinqapur dolları təxminən 1 manat 31 qəpiyə bərabərdir. Ən kiçik əsginas isə 2 Sinqapur dollarıd ır. Adambaşına düşən gəlirə görə dünyanın ikinci ən varlı ölkəsi Sinqapurdur, 102 min 74 ABŞ dollarına bərabərdir. Bu ölkəyə daxil olan ümumi gəlirin əhalinin sayına bölünməsi deməkdir. Amma düşündüyünüz kimi deyil. Sinqapurda gəmiqayırmadan tutmuş elektronika və tekstilə qədər 5,5 milyonluq əhali arı kimi işləyir. Üstəlik, ölkədəki vergi sistemi dünyaya nisbətən çox cəlbedici olduğuna görə, xaricdə qazanan və pulunu Sinqapur bankalarında etibarlı şəkildə saxlatdıran minlərlə varlı insan var. Ölkə tamamilə kapitalist sistem üzərində qurulub və ağlınıza gələ biləcək bütün böyük xarici markalar Sinqapura sərmayə qoyaraq müəssisələrini açıb. Bu sayədə Sinqapur dövləti xarici investorların ticarət fəaliyyəti sayəsində böyük inkişaf göstərib. Məsələn, Çindən çıxan bir yük gəmisi Avropaya ticarət malları aparmaq üçün Sinqapur limanlarından keçir və limana keçid haqqı ödəyir.


Bunun üzərinə bir də turistləri əlavə etsəniz, ortaya belə bir iqtisadi nəhəng çıxır. Yalnız kazino sektorundan belə ölkəyə milyardlarla dollar daxil olur. işsizlik demək olar ki, yoxdur və xüsusilə Malayziyalılarla hindlilər kütləvi şəkildə Sinqapura axışırlar.


Ölkə müəyyən bölgələrə ayrılıb. Bir bölgədə "Little India" adlanan, hindlilərin yaşadığı ərazi olduğu kimi, başqa bir yerdə "China Town" və ya "Ərəb məhəlləsi" kimi fərqli millətlərin yerləşdiyi sahələri görə bilərsiniz. Hər nə qədər hindlilər deyiləndə ağıla Hindistandakı Mumbai kimi, gigiyenanın bərbad olduğu yerlər gəlsə də, buradakı hind küçələrində gəzdikdə, təmizliyin və dükanlardakı keyfiyyətin yüksək standartlarda olduğunu görmək mümkündür. Deməli, qadağalar həqiqətən də işləyir. Təbii ki, gəlirlər bu qədər yüksək olduğu üçün ölkəyə gələn insanlar qaydalara xüsusi diqqətlə riayət edirlər. Maaşlar yüksəkdir, amma demək olar ki, hər şey də bir o qədər bahadır. Bu səbəbdən Sinqapura işləməyə gələcəksinizsə, minimum xərclə çox yaxşı yığım edə bilərsiniz. Məsələn, standart bir işdə çalışan, mühasib kimi bir insan ayda orta hesabla 4-5 min ABŞ dolları qazanır. Ofisiantlar isə orta hesabla 2 min dollar maaş alırlar. Bir stomatoloq və mühəndisin maaşı isə 10 min dolları da keçə bilir. Ölkədəki rəsmi minimum əməkhaqqı 1600 dollar olsa da, bu rəqəm daha çox simvolik xar xarakter daşıyır, heç kim bu maaşa işləmək istəmir. Bundan əlavə, 3-4 min dollardan az qazanan demək olar ki, heç kim yoxdur. İnsanlar çox qazandığı üçün evdə yemək bişirmək kimi bir mədəniyyət formalaşmayıb. Bu səbəbdən böyük supermarketlərə girsəniz, tərəvəzlərin ədəd ilə və baha satıldığını görərsiniz. Çünki marketdən nəsə alıb evdə yemək hazırlayan yoxdur, bu səbəbdən idxalçı şirkətlər bu tərəvəzləri ölkəyə çox az miqdarda gətirirlər, bu da maya dəyərini artırır. 


Problem kirayələrlə bağlıdır. Sinqapurun istənilən nöqtəsi inkişaf etmiş olduğundan harada yaşamağınızdan asılı olmayaraq kirayələr sizə baha gələ bilər. Dövlətin inşa etdiyi çoxmərtəbəli, 70-80 kvadratmetrlik binalarda kirayə 2000-2500 Sinqapur dolları arasındadır, daha lüks mənzillər isə 3000 dollardan aşağı deyil.


Əgər əsas məqsədiniz pul qazanmaqdırsa, 2-3 nəfərlə ev tutmağınız və ya ucuz hostellərlə razılaşmağınız lazımdır. Bir də onu deyim ki, istər sosial fəaliyyət üçün, istərsə də restoranda yemək yemək üçün çox uzun növbələr gözləmək lazım gəlir. Sahə kiçik olduğuna görə 5.5 milyon insan demək olar ki, hər yerdə qarışqa kimi dolaşır.


Sinqapur dövlətinin çox gözəl bir qanunu var. Siz sığortalı bir işdə çalışdığınız müddətdə dövlət maaşınızdan müəyyən faiz kəsir. Siz təqaüdə çıxdıqdan sonra isə istəyə uyğun olaraq sizə ya ev alır, ya da böyük bir kompensasiya verir.


Əgər Hindistan məhəlləsində ucuz bir hostellə razılaşsanız və hər gün "noodle" yesəniz, Sinqapurda işləyərək ayda 1500 dolları rahatlıqla kənara qoya bilərsiniz. Üstəlik, noodle tipli qidalar bu ölkədə kasıblığın göstəricisi deyil. Əksər yeməklər "noodle" üzərində hazırlanır. Amma diqqətli olun, çünki bəzi yerlərdən alacağınız noodle-larda çoxlu donuz əti və ya donuz yağı ola bilər.


Sinqapur xalqı tək bir millət deyil. Əslində “Sinqapurlu” kimi bir anlayış yoxdur. Sinqapur vətəndaşları – çinlilər, hindlilər, tailandlılar və malayziyalıların qarışığından yaranan müxtəlif xalqların birləşməsidir. Xüsusilə əhalinin 75%-ni Çin mənşəli toplumlar təşkil edir. Ölkədə başlıca olaraq Çin və Malay dilləri ilə yanaşı, ingilis dili də çox yayılıb. Hətta ingilis dili rəsmi ana dillərdən biri hesab olunur. 


Əhalinin əksəriyyəti Çin mənşəli olduğundan, Buddizm və Taoizm çox geniş yayılmış inanclardır. Malay mənşəlilər əsasən müsəlmandır, lakin inananların demək olar ki, yarısı buddistdir, deyə bilərəm. Sinqapur dünyanın ən dəbdəbəli otellərinə, kazinolarına, çimərliklərinə və əyləncə mərkəzlərinə ev sahibliyi edir. Bəzi insanlar tərəfindən Asiyanın İsveçrəsi olaraq adlandırılır. Çünki Cənub-Şərqi Asiyanın yoxsul toplumlarından sıyrılıb, əyləncə yönümlü müasir bir şəhər yaradıblar. Bu səbəbdən Sinqapur əsasən zəngin turistlərə xitab edir. Sinqapur, eyni zamanda, digər Asiya ölkələri ilə müqayisədə savadlılıq səviyyəsi yüksək olan bir ölkədir. Elə ki, 5.5 milyonluq əhalinin 95%-i oxuyub-yaza bilir. Ölkədə 5 universitet var və gənc əhalinin yarıdan çoxu təhsilini universitetə qədər davam etdirir. Bundan başqa, ölkədə ömür uzunluğu da kifayət qədər yüksəkdir. Ümumi stres səviyyəsi aşağı olduğundan və yoxsulluq olmadığından insanlar rahat yaşayır. Bu səbəbdən ölkədə orta ömür müddəti 83 ildir və ora getdiyiniz zaman çox sayda yaşlı insanla qarşılaşa bilərsiniz.



Bəs Azərbaycandan Sinqapura necə getmək olar? Xərclər, tələblər, yol xəritəsi necədir? Son olara qbuna nəzər salaq. Azərbaycan vətəndaşları üçün Sinqapura səyahət etmək həm maraqlı, həm də unudulmaz bir təcrübə ola bilər. Bu Asiya ölkəsi təmizliyi, təhlükəsizliyi və texnoloji inkişafı ilə seçilir. Azərbaycan vətəndaşları Sinqapura səyahət etməzdən əvvəl elektron viza almalıdırlar. Vizanı Sinqapurun Azərbaycandakı rəsmi nümayəndəliyi vasitəsilə və ya akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür. Hazırda Bakının birbaşa Sinqapura aviareysi yoxdur. Adətən, tranzitlərlə uçmaq mümkündür. Səyahət ümumilikdə 12-18 saat çəkə bilər.



Kamal Hüseynli




Sizin reklam burada
Sizin reklam burada