Paşinyan gizli sorğu keçiribmiş - Revanşistlərin reytinqi artır

Paşinyan gizli sorğu keçiribmiş - Revanşistlərin reytinqi artır
21 May 2025 10:00

Ermənistanda daxili siyasi gərginlik artmaqdadır. “Joğovurd” nəşri keçmiş prezident, hərbi cani Robert Koçaryanın nüfuzunun artması barədə diqqət çəkən məqalə dərc edib. İddia olunur ki, revanşist və radikal ideyaları ilə seçilən Qarabağ klanının aparıcı fiquru siyasi arenada fəallaşa bilər. Qəzetin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyası daxili və qapalı sorğu keçirib. Sorğu növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə partiyaların nə qədər səs toplaya biləcəyini öyrənmək üçün təşkil olunub. 

"Mənbələrimizin məlumatına görə, nəticələr partiya rəhbərliyini təşvişə salıb. Xüsusən də Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryanın topladığı rəqəm gözləniləndən xeyli çox olub", - nəşr yazıb.

Müəllif iddia edir ki, məhz buna görə də hakimiyyət daxilində müxalifətə qarşı aqressiv ritorika kəskin şəkildə artıb. “Joqovurd” qəzetinin mənbələrinə görə, hücumlar müxtəlif səviyyələrdə - deputatlardan tutmuş hökumət nümayəndələrinə qədər genişlənib. Anna Akopyanın da bu mövzuda aktivləşməsi buna misal göstərilib. O, müxalifət nümayəndələrinə ünvanladığı son 7 sərt və təhqiramiz paylaşımı "Joğovurd"un iddialarının boşuna olmadığını göstərir.

Qeyd edək ki, Ermənistan Milli Assambleyasının növbəti dörd gün davam edəcək iclasları gələn həftə başlayacaq. Bu iclasların gərgin atmosferdə keçəcəyi gözlənilir. 

"Hakimiyyətin iclaslarda da əsas hədəfi yenə də "köhnələr", xüsusilə Robert Koçaryan və ailəsi olacaq”, - "Joğovurd" yazıb.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Baş Prokurorluğu Robert Koçaryan və onun ailəsinin daşınar və daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsini tələb edib. Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə jurnalistlərin sualına cavabında bildirib ki, Koçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir. 

Tural


Sizin reklam burada
Sizin reklam burada