Pakistana hücum xarici reysləri "iflic" edib

Pakistana hücum xarici reysləri "iflic" edib
07 May 2025 09:50

Xəbər verdiyimiz kimi Hindistan Pakistan ərazilərini bombalayıb. Dünən Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Bölgədə vəziyyətin gərginləşməsi xarici ölkələrin mülki uçuşlarına da ciddi təsir edib. Məsələn, Moskvadan Phuket və Dehliyə uçan iki reys marşrutunu dəyişib. Bunu Flightradar xidmətinin məlumatları da sübut edir.


"Gazeta"nın yaydığı məlumata görə, Moskvadan Phuketə uçan SU284 reysi Özbəkistan ərazisi üzərindən dönüb. Təyyarənin sonradan ekipajın dəyişdirilməsi və yanacaq doldurulması üçün Moskvaya qaytarılması barədə qərar qəbul edilib. Uçuş Pakistandan yan keçməklə alternativ marşrutla həyata keçiriləcək. 

Dehliyə uçan SU232 reysi isə Əfqanıstanla sərhəddən uçuş istiqamətini dəyişərək Özbəkistanın Qırğızıstanla sərhədinə doğru gedib. Nəticədə təyyarə Daşkənd hava limanına enib.

Bundan əvvəl Pakistan hava məkanını bütün mülki təyyarələr üçün 48 saat müddətinə bağladığını elan etmişdi.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Aprelin 30-da isə Pakistanın İnformasiya və Yayım Naziri Attaullah Tarar bəyan etdi ki, İslamabadda Pahalqam hadisəsindən yalan dolu bəhanələr kimi istifadə edilərək Yeni Dehlinin hərbi zərbələr endirməyi planlaşdırdığına dair etibarlı məlumat var. Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.



Tural


Sizin reklam burada
Sizin reklam burada