Özbəkistana da şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Özbəkistana da şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik
10:10

Özbəkistan Respublikası Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşlarının ölkəyə daxil olmasını daha da asanlaşdırmaq üçün mühüm addım atmağa hazırlaşır. 

News365.az xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev yeni fərman imzalayıb.   

Fərmana əsasən, bu ölkələrin vətəndaşları Özbəkistana daxil olmaq üçün artıq xarici pasporta ehtiyac duymayacaq, sadəcə daxili pasport (şəxsiyyət vəsiqəsi və ya ID-kart) ilə səyahət edə biləcəklər.   Özbəkistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı növbəti üç ay ərzində qarşı tərəflərlə rəsmi danışıqlara başlamalıdır. Məqsəd bu ölkələrlə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin hüquqi bazasını yaratmaqdır. 

Qeyd edək ki, Azərbaycan vətəndaşları artıq Türkiyəyə də sadəcə şəxsiyyət vəsiqəsi ilə səfər edə bilirlər. Əgər bu təşəbbüs Özbəkistanla da reallaşarsa, Azərbaycan vətəndaşları üçün daha bir türk dövləti vizasız və pasportsuz səfər edilə bilən ölkələr siyahısına əlavə olunacaq.

Bu isə həm turizmin, həm də mədəni və iqtisadi əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq. 

Bu qərar, həmçinin, türk dövlətləri arasında inteqrasiya və sərhədsiz əməkdaşlıq ideyasının praktik təzahürü kimi dəyərləndirilir.


Sizin reklam burada
Sizin reklam burada