Müasir müharibə: dronlar ənənəvi silahları kölgədə qoyur

Müasir müharibə: dronlar ənənəvi silahları kölgədə qoyur
09:25

Son dövrlərdə regionda baş verən proseslər, xüsusilə Naxçıvan istiqamətində müşahidə olunan dəyişikliklər qlobal müharibə ssenarilərinin yenidən nəzərdən keçirilməsinə səbəb olur.

Politoloq Turab Rzayev News365.az-a açıqlamasında müasir müharibə modelinin dəyişdiyini və ənənəvi yanaşmaların artıq əvvəlki effektivliyini itirdiyini bildirib.


Politoloqun sözlərinə görə, dünyada gedən müharibələr, o cümlədən Yaxın ŞərqUkrayna istiqamətində baş verən proseslər göstərir ki, klassik hərbi strategiyalar getdikcə aktuallığını itirir. O qeyd edib ki, tarixdə dəfələrlə tətbiq olunan ənənəvi üsullar – dənizdən bombardman, limanların blokadası və ya kütləvi hərbi güc nümayişi – artıq əvvəlki nəticəni vermir.

Rzayev bildirib ki, əvvəllər böyük hərbi donanmalar vasitəsilə şəhərlərin və limanların bombardmanı qarşı tərəfi təslim olmağa məcbur edirdi. Lakin müasir dövrdə bu üsulların effektivliyi xeyli azalıb və yeni texnologiyalar müharibənin xarakterini dəyişib.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi bu dəyişimin ən bariz nümunəsidir. Rusiya-nın daha çox tank, artilleriya və aviasiya imkanlarına malik olmasına baxmayaraq, bu üstünlük həlledici rol oynamır. Əksinə, ucuz və kütləvi istehsal olunan dronların istifadəsi döyüş meydanında balansı dəyişir.

Politoloq vurğulayıb ki, xüsusilə İran istehsalı olan ucuz pilotsuz uçuş aparatlarının geniş tətbiqi müharibənin gedişatına ciddi təsir göstərir. Onun sözlərinə görə, müasir döyüşlərdə canlı qüvvənin birbaşa qarşıdurması azalır, əsas zərbələr isə məsafədən idarə olunan texnologiyalar vasitəsilə həyata keçirilir.

Rzayev əlavə edib ki, artıq hibrit müharibə mərhələsinə keçid baş verib. Bu mərhələdə yalnız cəbhə xətti deyil, eyni zamanda düşmən ölkənin daxilində yerləşən hərbi obyektlər də hədəfə alınır. Onun sözlərinə görə, dron texnologiyalarının inkişafı nəticəsində itkilərin böyük hissəsi məhz bu vasitələrlə baş verir.

Politoloq hesab edir ki, bu reallıqlar gələcək müharibələrin xarakterini müəyyənləşdirir və dövlətlər yeni strategiyalar formalaşdırmağa məcbur qalır.


Sizin reklam burada
Sizin reklam burada