Microsoft" istifadəçiləri aldadıb? - Böyük Britaniyada nəhəng şirkətə qarşı TƏHQİQAT

Microsoft" istifadəçiləri aldadıb? - Böyük Britaniyada nəhəng şirkətə qarşı TƏHQİQAT
15:45

Böyük Britaniyanın Antitrest Tənzimləyici Qurumu (CMA) "Microsoft" şirkətinə qarşı təhqiqat başladıb. Şirkət "Microsoft 365" abunəlik paketlərinin marketinqi zamanı fərdi və ailə istifadəçilərini yanıltmaqda və onların artıq ödəniş etməsinə şərait yaratmaqda şübhəli bilinir.

Müsabiqə və Bazarlar üzrə Səlahiyyətli Qurumun (CMA) çərşənbə günü verdiyi məlumata görə, araşdırma "Microsoft 365" abunəliklərinə "Copilot" süni intellekt köməkçisinin əlavə edilməsi məsələsini əhatə edəcək. Şirkət ilkin olaraq "Copilot" xidmətini pulsuz təqdim etsə də, sonradan bəzi istifadəçilər abunəliyi yeniləyərkən daha yüksək qiymətlərlə qarşılaşıblar.

"Araşdırma çərçivəsində müştərilərə qərar verməzdən əvvəl mövcud seçimləri anlamaq üçün tariflər və qiymət fərqləri barədə lazımi məlumatların verilib-verilmədiyi yoxlanılacaq", — deyə CMA-nın açıqlamasında bildirilir.

Qurum ölkə üzrə süni intellektin tətbiqini dəstəklədiyini, lakin istehlakçıların hər zaman şəffaf və vaxtında məlumatlandırılmasının vacibliyini vurğulayıb.

"Microsoft" tərəfindən verildiyi açıqlamada isə iddiaların ətraflı nəzərdən keçirildiyi və tənzimləyici qurumla konstruktiv əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, "Microsoft" hazırda qlobal miqyasda biznes proqram təminatı, bulud texnologiyaları və süni intellekt tərəfdaşlıqları ilə bağlı bir çox rəqabət təhqiqatları ilə üz-üzədir. Avstraliya və İtaliya səlahiyyətliləri də abunəliklərin yenilənməsi zamanı istifadəçilərə təqdim olunan məlumatlarla bağlı şirkət barəsində oxşar araşdırmalar aparır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada