Metropolitendə nəyə görə zibil qutuları yoxdur? - Qurumdan AÇIQLAMA

Metropolitendə nəyə görə zibil qutuları yoxdur? - Qurumdan AÇIQLAMA
09:42

"Bakı metropoliteninin stansiyalarında tullantı qablarının yerləşdirilməməsi təhlükəsizlik tələbləri ilə bağlıdır."

Bu sözləri News365.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Bu, sərnişin axınının yüksək olduğu qapalı məkanlarda mümkün risklərin qarşısının alınması məqsədi daşıyır. İctimai nəqliyyat obyektlərində, xüsusilə kütləvi hərəkətliliyin olduğu metro stansiyalarının vestibül və platformalarında tullantı qablarının quraşdırılması ciddi təhlükə yarada bilər.

Sanitariya-gigiyena tələblərinə uyğun olaraq Bakı metropoliteninin stansiyaları hər gün fasiləsiz nəzarətdə saxlanılır. Gün ərzində daimi olmaqla təmizlik işləri təmin edilir."

Qeyd edək ki, “Bakı Metropolitenindən istifadə qaydaları”nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmaq və çirkləndirmək olmaz.

Bakı metropolitenində təhlükəsizliyin təmin edilməsi  xüsusi əhəmiyyət kəsb etdiyindən tullantıların metro stansiyalarına və vaqonlara atılması qəti qadağandır. Hər bir sərnişin tullantını özü ilə aparıb stansiyadan kənarda yerləşdirilmiş tullantı qutularına atması tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada