Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb.
News3656.az xəbər verir ki, deputatın Zəngəzur dəhlizinin yerləşdiyi ərazi ilə bağlı fikirləri bəzi saytlar və sosial şəbəkə iştirakçıları tərəfindən fərqli istiqamətdə şərh edilib və müzakirə mövzusuna çevrilib.
Deputat Aydın Hüseynov Real TV-nin canlı efirində səsləndirdiyi bir cümləni bəzi saytlar və sosial şəbəkə iştirakçıları qəsdən kontekstdən çıxarıldığını bildirib:
“Görünən odur ki, Zəngəzur dəhlizinin açılmasını istəməyən bəzi qüvvələr fikirlərimi təhrif ediblər. Həmin verilişin videoyazısı qalır, açıb diqqətlə dinləsinlər. Həmin verilişdə dediklərimin üzərində qalıram. Kimlərsə orada səsləndirilən fikirlərlə razı deyilsə, bu onların öz problemidir və belə görünür ki, onlar Azərbaycanın böyük uğuruna sevinmirlər. Zəngəzur dəhlizi 30 il ərzində Rusiyanın və digərlərinin təsir dairəsi olduğu dövrdə təcrid olunaraq dünya iqtisadiyyatı üçün səmərəsiz bir əraziyə çevrilmişdi. O ərazilər Rusiyanın və digərlərinin nəzarətində olduğu dövrdə səmərəsiz ərazi olub, qarşıdurmalar meydanına çevrilib. Görünür, bu fikirlərim bəzi dairələrdə qıcıq yaradıb. Ona görə də belə anlaşılır ki, Zəngəzur dəhlizinin açılmasını istəməyən dövlətlərə və dairələrə bağlı olan bəzi media orqanları, bəzi şəxslər qəsdən mənim fikirlərimi təhrif edir, elə təqdim edirlər ki, guya mən Zəngəzur dəhlizinin səmərəsiz olduğunu demişəm. Həmin qaranlıq ünvanlara bağlı olanlara demək istəyirəm ki, Zəngəzur dəhlizinin açılmasını səmimi istəyirlərsə, ara qarışdırmağa xidmət edən dezinformasiyalar, şərhlər yaymamalıdırlar.
A.Hüseynov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi Azərbaycan üçün, bütün region və dünya iqtisadiyyatı, həmçinin Ermənistanın özü üçün, hətta Zəngəzur dəhlizinin açılmasını istəməyən dövlətlər üçün də böyük əhəmiyyət daşıyacaq:
“Zəngəzur dəhlizinin acılması dünya miqyaslı böyük əhəmiyyətə malikdir. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycanın tarixi haqqıdır, dəhlizinin açılması Naxçıvanla quru əlaqəmizin bərpası olacaq, Zəngəzur Azərbaycan xalqının tarixi torpaqlarıdır, bu ərazi Azərbaycan üçün təkcə iqtisadi mahiyyətli ərazi deyil, həm də mənəvi anlam daşıyır. Cənab Prezidentimiz İlham Əliyevin ABŞ səfəri çox böyük tarixi uğurlu səfər oldu. Səfər zamanı imzalanan sənədlər, üçtərəfli Bəyannamə Azərbaycanın zəfərinin davamıdır, qələbəmizin bir daha de-yure təsdiqlənməsidir. Zəngəzur dəhlizinin açılmasını istəməyən, Azərbaycanın böyük diplomatik qələbəsindən narahat olan qüvvələrdən qidalananlar, onlara xidmət edənlər bu cür fikirləri eşitmək istəmirlərsə, bu onların mahiyyətini, Azərbaycan üçün səmərəsiz varlıq olduqlarını açıb ortaya qoyur. Onlar bilməlidirlər ki, cəhdləri əbəsdir. Azərbaycan dövləti qüdrətli dövlətdir, qarşısına qoyduğu hədəflərə sistemli olaraq çatır və çatacaqdır. Zəngəzur dəhlizi açılacaq.
Dəhlizin açılması bütün regiona fayda verəcək. Xüsusilə də Zəngəzur dəhlizinin açılması Ermənistan üçün bir nəfəsliyin açılması olacaq. Ümumiyətlə bu dəhlizin açılmasından heç kim hec nə itirməyəcək”.\BİG.az