Bir müddət
öncə Atatürk parkında bəzi vətəndaşların yedikləri tumun qabığını yerə atması
ilə bağlı status paylaşmışdım. Bundan sonra araşdırdım ki, dünyanın müxtəlif
ölkələrində bu cür hallarla necə mübarizə aparılır, innovativ həllər
hansılardır. Nümunələr çox olsa da, diqqətimi ən çox Parisdə tətbiq edilən dansmarue
(“Mənim küçəmdə”) layihəsi cəlb etdi.
Bu mobil
platforma vasitəsilə insanlar dolmuş zibil qutuları, ərazidə daşqın, dirək və
ağacların aşması kimi gündəlik sosial insidentlər barədə operativ məlumat
paylaşa bilirlər. Hər müraciətə mütləq fotoşəkil əlavə olunur. Ardınca müvafiq
dövlət qurumu problemi aradan qaldırır və nəticəni təsdiqləyən şəkli
platformaya yükləyir,müraciətçinin öz sorğusunun statusunu açıq şəkildə izləmək
imkanı yaranır.
Fikrimcə,
Bakıda da belə bir platforma uğurlu ola bilər. Məsələn, Bakı Şəhər İcra
Hakimiyyəti bu xidməti işə sala, digər aidiyyəti qurumları da prosesə cəlb edə
bilər.Misal üçün, Azərişıq ASC, Azəriqaz İB, AYNA, ADSEA və s. Vətəndaşların açıq müraciətinə
dövlət qurumlarının açıq reaksiyası həm şəffaflıq yaradar, həm də qurumlar
arasında sağlam rəqabət (reytinq yarışı) formalaşdırar. Nəticədə isə qazanan Bakı
şəhəri və onun sakinləri olar.
Platformanın
fəaliyyəti paytaxt sakinlərini şəhərin inkişafına cəlb edər, həm də onların şəbəkələşməsinə
şərait yaradar. Vətəndaşlar üçün reytinq sistemi yaratmaq mümkündür; hər ilin
sonunda “İlin aktiv vətəndaşı” nominasiyası üzrə seçilənləri mükafatlandırmaq
da əlavə motivasiya verər. Belə bir platforma, ümumilikdə, vətəndaş məmnunluğunu
əhəmiyyətli dərəcədə artırar.
Aqil Məmmədoc, News365.az