Küçələrində demək olar ki, heç bir zibil qutusu olmayan, lakin addımbaşı təmizliyi ilə heyran edən yeganə ölkə Yaponiyadır. Dünyanın bir çox inkişaf etmiş paytaxtları tullantı poliqonlarına qarşı milyonlarla büdcə ayırıb çarə tapa bilmədiyi halda, Gündoğar ölkə bu problemi hər hansı təmizlik ordusu, inzibati məcburiyyət və ya cərimələr olmadan həll edib.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin reallaşdırdığı “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” layihəsi çərçivəsində News365.az Yaponiyanın dünyanı heyrətə salan ekoloji davranış modelinin pərdəarxasını təqdim edir:
Terror hadisəsindən doğan məsuliyyət və dərin dini köklər
Yaponiyada küçələrdən zibil qutularının yığışdırılması 1995-ci ildə Tokio metrosunda törədilən Sarin qazı terrorundan sonraya təsadüf edir. Təhlükəsizlik məqsədilə atılan bu addımdan sonra yaponlar etiraz etmək əvəzinə, “zibilini özünlə evə apar” qaydasını dərhal mənimsədilər.
Lakin alman sosioloqu Maks Veberin “din insanların gündəlik sosial-iqtisadi davranışlarını formalaşdıran əsas drayverdir” tezisi yapon mədəniyyətində də özünü doğruldur. Bu vərdişin kökləri ölkənin milli dini olan Şintoizm və Zen Buddizminə bağlıdır. Şintoizmdə natəmizlik ruhun korlanması və şər qüvvələrin çağırılması deməkdir. Zen Buddizmində isə məkanı süpürmək insanın öz eqosunu və zehni qarışıqlığını təmizləməsi ritualı kimi qəbul edilir. Yəni yapon üçün təmizlik sadəcə gigiyena deyil, daxili dünyanı paklaşdırmaqdır.
Məktəblərdə xadimə ştatı yoxdur
Bu unikal ekoloji davranış modeli ailə, məktəb və icma üçbucağında formalaşır. Yaponiyada evlərdə tullantılar bəzən 40-dan çox kateqoriyaya (plastik qab, qapaq, etiket fərqli olmaqla) bölünərək yuyulub çeşidlənir.
Ən maraqlısı isə Yaponiyanın ibtidai və orta məktəblərində xadimə ştatının olmamasıdır. Şagirdlər hər gün dərsin sonunda sinif otaqlarını və dəhlizləri özləri təmizləyirlər. Bu proses uşaqlara kiçik yaşlarından "öz tullantıma görə özüm cavabdehəm" prinsipini, bərabərliyi və əməyə hörməti aşılayır. Küçələrdə isə həm yaşlıların, həm də gənclərin könüllü qoşulduğu zibiltoplama günləri keçirilir.
Qərb sistemindən fərqi: Qanun yox, mənəviyyat nəzarət edir
Qərb hüquq sistemlərində qaydalara riayət olunması cəzalar, kameralar və polislərlə təmin edildiyi halda, yapon insanında bu proses daxili vicdanla tənzimlənir. Başqasına narahatlıq yaratmamaq yapon ruhunun əsasıdır. Küçəyə zibil atmaq təkcə təbiəti çirkləndirmək deyil, cəmiyyətə qarşı böyük hörmətsizlik və rüsvayçılıq sayılır. Burada icmanın mənəvi dəyərləri və ictimai qınaq hər hansı rəsmi cəzadan daha kəsərlidir.
Yaponiya təcrübəsi sübut edir ki, ekoloji böhranları və zibil problemlərini yalnız qanunlar, innovativ texnologiyalar və ya nəhəng büdcələrlə həll etmək qeyri-mümkündür. Təmiz ətraf mühit üçün ekoloji məsuliyyət mütləq şəkildə cəmiyyətin gündəlik davranış koduna və fərdi refleksinə çevrilməlidir