Mağara təfəkkürü, qəbilə məfkurəsidir- Tural İrfan yazır
Aktual
09:22
Səfəvi - Osmanlı, Çaldıran mövzusuna münasibət bildirənlərin çoxu təəssüf ki, sırf məzhəbçilik mövqeyindən çıxır edirlər. Hətta alimi, ziyalısı da. Kim bu məzhəbdəndirsə Xətaini müdafiə edir, kim o məzhəbdəndirsə Səlimi müdafiə edir. Belə tarixçilik, belə obyektivlik olar? Beləcə xalqımızı ideoloji cəhətdən parçalayırlar.
Demək hələ də Xətaiyə dövlət başçısı kimi deyil, sırf şiə mürşidi olduğu üçün pərəstiş edilir. Eyni zamanda Səlimə də türk dövlətinin başçısı yox, sünni təəssübkeşi olduğu üçün pərəstiş edilir.
Şah İsmayıldan danışanların şiə damarı tutanda az qalırlar onu Allah elan edələr. Sultan Səlimdən danışanların da çoxu az qalır onu məsum peyğəmbər qədər göyə qaldırıb dinin xilaskarı sanalar.
Məzhəbçilik təəssübü çox təəssüf ki, bizim bəzi tarixçilərimizi də çulğalayıb. Tarixi doğru, obyektiv araşdırıb həqiqəti ortaya qoymaq istəyən gərək məzhəb eynəyini çıxarsın, hətta dini mənsubiyyətinin də tədqiqatlarına təsir etməsinə imkan verməsin.
Bu sarıdan bir çox Qərb, xristian tarixçilərin, şərqşünasların, tədqiqatçıların dəsti-xətti, əsərləri əvəzsizdir. Əsla din təəssübkeşliyi etməyiblər, mümkün olduğu qədər obyektivliyə, əsl həqiqətin ortaya çıxmasına çalışıblar.
Amma müsəlman aləmində, Türk dünyasında hələ də Çaldıran "razborkası" səngimir.
Buyurun, təriflədiyiniz həmin şahla həmin sultan qoyub gedib bu didişmə mirasını sizlərə. Şah, sultan var ki, özündən sonra vəhdət, birlik, həmrəylik qoyub gedir, bunlar da ixtilaf, məzhəbçilik, sünni - şiə qırğını qoyub gediblər. Onların məzhəbinə sitayiş edən bəziləri də hələ də əl çəkmir babalarının bu mənfur yolundan.
Mağara təfəkkürü, qəbilə məfkurəsidir bu hərəkətlər. Tarixi tarix kimi araşdırmaq lazımdır.