"Rusiyanın susqunluğu cəmiyyətdə ciddi narazılıq doğurur" - Politoloqdan şərh

"Rusiyanın susqunluğu cəmiyyətdə ciddi narazılıq doğurur" - Politoloqdan şərh
02 İyl 2025 15:09

Rusiyada azərbaycanlı ailənin üzvlərinin qətlə yetirilməsi ilə bağlı rəsmi Moskvanın hələ də mövqe bildirməməsi cəmiyyətdə ciddi narazılığa səbəb olub.

Politoloq Elnur Ənvəroğlu News365.az-a açıqlamasında bildirib ki, bu cür hadisələrə qarşı Rusiya rəhbərliyinin, xüsusilə Prezident Vladimir Putinin münasibət bildirməməsi geniş ictimai narahatlıq doğurur.

Onun sözlərinə görə, Rusiya tərəfi baş verənləri sadəcə daxili məsələ kimi təqdim etməyə çalışır:
"Qətlə yetirilən şəxslərlə bağlı Rusiya rəsmiləri onların Rusiya vətəndaşı olduğunu bildirir. Ancaq nəzərdən qaçırmaq olmaz ki, onlar eyni zamanda milliyyətcə azərbaycanlıdırlar və bizim soydaşlarımızdır. Bu baxımdan yanaşma təkcə vətəndaşlıq yox, həm də etnik-milli aspektdən dəyərləndirilməlidir".

Elnur Ənvəroğlu əlavə edib ki, əgər Azərbaycanda rus millətindən olan bir şəxsə qarşı oxşar cinayət hadisəsi baş versəydi, Rusiya buna biganə yanaşmaz və dərhal münasibət bildirərdi:
"Azərbaycan da eyni qaydada öz vətəndaşlarını və soydaşlarını qorumağa çalışır. Rusiya isə bu məsələni sadəcə məhəlli xarakterli bir hadisə kimi göstərərək məsuliyyətdən yayınmağa çalışır".

Politoloq qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək Moskvanın gündəmində olmasa da, Kremlin bu məsələyə səthi və dolayısı münasibəti narahatlıq doğurur.


Sizin reklam burada
Sizin reklam burada