Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsi Ukrayna prezidenti Vladimir Zelenskinin gələcək danışıqlarda Rusiya regionundan “sövdələşmə predmeti” kimi istifadə etmək planlarını alt-üst edib. Bu barədə Almaniyanın “Die Zeit” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarla eyni vaxtda Kursk sərhəd bölgəsində Ukrayna ordusunun müdafiəsi iflasa uğrayıb.
Məqalədə deyilir ki, bir neçə gün ərzində Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin yüzlərlə kvadrat kilometr ərazisini azad edib.
Xatırladaq ki, martın 11-i Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da buna cavab olaraq müəyyən jestlər edib. O, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural