ABŞ-ın San-Fransisko şəhərində yerləşən GRU Space adlı startap Ay səthində ilk turistik yaşayış komplekslərinin yaradılması üzərində çalışır. Şirkətin planına əsasən, 2032-ci ildən etibarən insanlar turist kimi Aya səyahət edə biləcəklər.
News365.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, startap bu iddialı layihəni kosmik daşımaların son illərdə xeyli ucuzlaşması ilə əlaqələndirir. GRU Space rəhbərliyi bildirir ki, SpaceX və Blue Origin kimi nəhəng şirkətlər arasında artan rəqabət kosmos uçuşlarının qiymətini daha da aşağı salacaq. Eyni zamanda, varlı təbəqə üçün kosmos səyahətləri artıq elit turizm istiqaməti kimi formalaşır.
Layihənin ilkin mərhələsində turistlər Ay səthinə şişmə konstruksiyalardan ibarət mini-otellərlə aparılacaq. Bu yaşayış modulları 2–4 nəfərlik nəzərdə tutulub. Şirkətin hesablamalarına görə, ilk uçuşlarda bir nəfər üçün səfər paketi təxminən 416 min dollar olacaq.
Növbəti mərhələdə isə daha böyük və daimi otellərin inşası planlaşdırılır. Bu obyektlərdə 10-a yaxın qonağın qalması mümkün olacaq və texnologiyanın inkişafı fonunda Ay səfərinin qiymətinin 83 min dollara qədər enə biləcəyi proqnozlaşdırılır. Layihənin sınaq uçuşlarının 2029 və 2031-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, GRU Space startapı Kaliforniya Universitetinin Berkli kampusunun məzunu Skayler Çan tərəfindən yaradılıb və Y Combinator biznes-inkubatoru tərəfindən maliyyələşdirilir. Şirkət artıq gələcək Ay missiyaları üçün ilkin qeydiyyata start verib, iştirak üçün depozit məbləği 1 000 dollar təşkil edir.
News365.az