Köçəryanın siyasi təsir imkanları məhdudlaşdırıla bilər

Köçəryanın siyasi təsir imkanları məhdudlaşdırıla bilər
13:57

Ermənistanda daxili siyasi proseslər və qarşıdan gələn seçkilər fonunda hakimiyyətlə müxalifət arasında mübarizənin daha da kəskinləşəcəyi gözlənilir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov News365.az-a açıqlamasında bildirib ki, Baş nazir Nikol Paşinyanın əsas rəqibləri sırasında yer alan qüvvələr uzun illər regionda sülh və təhlükəsizliyə mane olmuş siyasi qruplardır.


Deputatın sözlərinə görə, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın təmsil etdiyi siyasi xətt bu gün də erməni cəmiyyətində revanşist meyllərin qorunub saxlanmasına çalışır. O hesab edir ki, bu qüvvələrin fəaliyyəti regionda davamlı sülhün təmin olunmasına maneə yaradan əsas amillərdən biridir.

B.Məhərrəmov qeyd edib ki, Paşinyan üçün Köçəryan və onun tərəfdarları yalnız siyasi rəqib deyil, həm də hakimiyyətə qarşı fəaliyyət göstərən və xarici dəstək alan müxalif qüvvələrdir. Onun fikrincə, Ermənistan hakimiyyətinin bu istiqamətdə atacağı addımlar hüquqi əsaslara söykənməli və qanun çərçivəsində həyata keçirilməlidir.

Deputat bildirib ki, Paşinyan seçkilər öncəsi rəqiblərinin siyasi təsir imkanlarını zəiflətməklə hakimiyyət mövqelərini daha da möhkəmləndirməyə çalışır. Bu prosesin nəticəsində Ermənistan siyasi səhnəsində hakim partiyanın üstünlüyü daha da arta bilər.

Bəhruz Məhərrəmovun fikrincə, revanşist qüvvələrin zəifləməsi regionda sülh gündəliyinin irəliləməsinə və Ermənistan cəmiyyətinin daha konstruktiv mövqeyə yaxınlaşmasına da təsir göstərə bilər.


Sizin reklam burada
Sizin reklam burada