İstanbulda planlaşdırılan ABŞ-İran danışıqları bu səbəbdən alınmadı- Tural İrfan yazır

İstanbulda planlaşdırılan ABŞ-İran danışıqları bu səbəbdən alınmadı- Tural İrfan yazır
09:24
İranın ABŞ ilə danışıqları İstanbulda keçirməkdən, ümumiyyətlə Türkiyə də daxil olmaqla vasitəçilərdən imtina etməsinin bir səbəbi də təbii ki, vaxtilə mövcud olmuş sövdələşmələrin təfərrüatlarını başqalarının bilməsini istəməməsi ilə əlaqədardır. ABŞ - İran - İsrail arasında müxtəlif məsələlər var ki, onu Türkiyə və ərəb ölkələrinin iştirakı olmadan danışmaq istəyirlər. İsrail indiki İran rejimini vaxtilə Səddam Hüseyndən xilas edən başlıca qüvvə idi. Səddamın Oşirak nüvə stansiyalarını İsrail dağıtmışdı İranı qorumaq üçün. Həmçinin 8 illik müharibədə ABŞ ilə birgə İrana 3 milyard dollardan artıq dəyərdə silah, sursat, təyyarə hissələri, təchizat yollamışdı. İran da indiyəcən quru təhdidlə İsrailin nüvə silahına sahib olmasına şərait yaradıb. Proksi qüvvələrin əli ilə hücumlar təşkil edərək İsrailin beynəlxalq aləmdə təhlükə qarşısında olduğunu əsaslandırması üçün əlindən gələni edib. Necə ki, sonucu müharibədə Həması İsrailə hücum etməyə təhrik edib nəticə etibarı ilə Qəzzanı İsrailin qucağına itələdi və milyonlarla insanın qətlinə maksimum imkan yaratdı.
Türkiyənin neçə gündür ciddi-cəhdlə ABŞ-ın hərbi müdaxiləsinin qarşısını alması, Vaşinqtonu danışıqlara razı salması, İranın da son məqamda Tanrıya təpik atması əslində Ankara üçün də düşündürücü olacaq. Nəticə odur ki, İran ABŞ ilə özü təkbətək sövdələşmək istəyir. Bu sövdələşmədə Türkiyə və ərəb ölkələri əleyhinə də məqamlar var. Əks halda vasitəçilərdən imtina mümkün deyildi.
Demək istəyir ki, siz Əfqanıstan, İraq, Suriyanı dağıdanda çağırılmamış özümüzü yetirib sizə dəstək vermədikmi? Sizdən daha çox müsəlman qanı tökmədikmi? Məgər bu mənada biz sizə Türkiyədən daha yaxın deyilikmi? Elə isə daha Türkiyə niyə vasitəçilik edir? Gəlin oturaq özümüz danışaq, bəlkə bu dəfə də elə Türkiyənin özünün hədəfə gətirilməsində sizə yardım edə bilərik?
Onsuz da bir sıra addımlar atmağa başlanılıb. Qatı Türkiyə əleyhdarı olan Nuri Malikinin İraqda yenidən hakimiyyətə gətirilməsinə İran ciddi dəstək verir. O hakimiyyətə gəlsə dərhal Suriya ilə müharibə vəziyyətinə keçəcək ki, bu da Türkiyənin maraqları və təhlükəsizliyi üçün regional təhdiddir. ABŞ prezidenti Tramp, Maliki haqqında hələ ki, mənfi rəy ifadə edib. Lakin İranla sövdələşmələrin baş tutması zəminində rəy dəyişə bilər. Tehran nüvədən, uzaqmənzilli raketlərdən imtina edərək qarşılığında İraqı, dolayı yolla da yenidən Suriyada üstünlük istəyə bilər.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada