ABŞ-də sabiq yüksək vəzifəli məmurun açıqlamaları ciddi reaksiyalara səbəb olub.
Dövlət Departamentində yüksək vəzifədə çalışmış Uilyam Vulf mübahisəli çıxışı ilə gündəmə gəlib.
Məlumata görə, o, Bethel kilsəsində çıxışı zamanı bildirib ki, xristian inancları ABŞ qanunvericiliyinin və cəmiyyətinin əsasını təşkil etməlidir.
Vulf qeyd edib ki, xristianlar öz dini dəyərlərini cəmiyyətə tətbiq etməkdən çəkinməməlidir:
“Bəli, biz bunu sizə tətbiq edəcəyik. Əgər xoşunuza gəlmirsə, üzr istəyirəm”.
O, tərəfdarlarını “Tanrının standartları” adlandırdığı prinsiplərlə hərəkət etməyə çağırıb və bu yanaşmanın həm yerli idarəetmədə, həm də milli səviyyədə tətbiq olunmalı olduğunu vurğulayıb.
“Biz həyatımızı bu prinsiplər əsasında qurmalıyıq. Əgər bu, Tanrının standartlarına uyğundursa, doğru və ədalətlidir və mən öz əxlaqımı sizə tətbiq edəcəyəm”, – deyə Vulf bildirib.
Sabiq məmur əlavə edib ki, tərəfdarları cəsarətli olmalı və açıq şəkildə bu yanaşmanı müdafiə etməlidirlər:
“Deməlisiniz ki, şəhərimizi belə idarə edəcəyik, bölgəmizi belə idarə edəcəyik, ştatımızı belə idarə edəcəyik və ABŞ-ni İncilə əsaslanan qanunlarla idarə etməliyik”.
Onun bu fikirləri ABŞ-də geniş müzakirələrə və tənqidlərə səbəb olub.