Əsir götürülərək İsrail ərazisinə aparılan Livan ordusunun əsgəri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ras-ən-Nəqura sərhəd-keçid məntəqəsində sülhməramlılarına təhvil verilib.
News365.az xəbər verir ki, bu barədə Livan ordusu komandanlığının bəyanatında deyilir.
“Martın 10-da yaralanaraq İsrailə aparılan əsgər Ziyad Şibli evə buraxılıb və müalicə üçün xəstəxanaya göndərilir". Bildirilir ki, əsgər mülki geyimdə olub və Kfar Şuba şəhərində İsrail tərəfinin atəşinə məruz qalıb.
Martın 11-də İsrail xoşməramlılıq əlaməti olaraq yanvar və fevral aylarında sərhəd bölgələrində əsir götürdüyü 11 livanlıdan dördünü azad edib. Onların hamısı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ras əl-Naqouradakı nümayəndələrinə təhvil verilib.