İsrailin nüfuzlu “Ynet” nəşri hökumətin “erməni soyqırımı”nı tanımaq qərarının Azərbaycanla münasibətlərdə görünəndən daha dərin bir böhrana səbəb olduğunu yazıb. İsrail-Türkiyə xəttindəki gərginlik həm strateji tərəfdaşı Təl-Əviv, həm də rəsmi müttəfiqi Ankara olan Bakı üçün arzuolunan deyil. Azərbaycan illərdir tərəfləri uzlaşdırmağa çalışsa da, Türkiyədə artan siyasi İslam və Benyamin Netanyahu hakimiyyətinin ambisiyaları bu cəhdləri nəticəsiz qoyur.
İsrailin bu qərarı Türkiyəyə gözdağı olsa da, Azərbaycan-Ermənistan sülh prosesinin uğurla getdiyi bir vaxtda Bakı və İrəvan üçün gözlənilməz olub. Ermənistan Baş naziri Nikol Paşinyan məsələyə reaksiya verməyəcəklərini və bu mövzuya "silah" kimi baxmamağın Ermənistanın maraqlarına uyğun olduğunu bildirib. Paşinyanın bu reaksiyası göstərir ki, İrəvan sülh müqaviləsi, delimitasiya, eləcə də Türkiyə ilə sərhədlərin açılması prosesinin pozulmasını istəmir.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən politoloq Turan Rzayev regionda gələcək gərginliklərin qarşısını almaq üçün mühüm təkliflə çıxış edib:
“Türkiyə, Ermənistan və Azərbaycan 'erməni soyqırımı' ilə bağlı ortaq komissiya yaratmalıdır. Üç dövlətin dəstəyi və tərəfsiz xarici mütəxəssislərin iştirakı ilə tarixi arxiv materialları araşdırılmalı, hadisələrdə həyatını itirən bütün tərəflərin varisləri ilə danışıqlar aparılmalıdır. Əks təqdirdə, strateji tərəfdaşlar belə, yeri gəldikdə bu məsələdən istifadə edib regional sülhə təhdid yarada bilərlər”.