Əski məxəzlərin
məlumatına görə Peyğəmbər səhabələrin digər dilləri öyrənməsinə xüsusi önəm
verirdi. Zeydə tapşırmışdı ki, süryani və ibrani dillərini öyrənsin. Özü də əmisi
ilə Suriya səfərlərində olarkən müəyyən qədər süryani dilinə vaqif olmuşdu.
Savadlı və yazı-pozu bilən səhabələrdən başqa qəbilələrə müəllim göndərirdi. Hələ
Məkkədə yaşadığı dövrdə Musab bin Umeyri Mədinəyə yollamışdı ki, dinin təbliği
ilə yanaşı əhalini maarifləndirsin, yazı, oxu öyrətsin.
Peyğəmbərin
40 dan artıq katibi vardı. Bu şəxslər özləri o dövrün ziyalıları, savadlı
insanları sayılırdılar. Aralarında müzakirələr, bəhslər edirdilər. Həzrət Muhəmməd
insanları fayda verən elmləri öyrənməyə təşviq edərək deyirdi: "Elm Çində
də olsa arxasıyca gedin... "
"Əshabi
- Suffa" deyilən toplumu təkcə ibadət və zikr əhli olaraq xarakterizə etmək
yanlışdır. Orada Quran elmləri ilə yanaşı hədislər öyrənilir, elmi müzakirələr
aparılırdı. Hətta digər dinlərə mənsub bilginlər bəzən təşrif buyuraraq əshab
ilə elmi münazirə edirdi. Tarixin incəlikləri, indi fəlsəfi hesab olunan
mövzular müzakirə olunurdu. İsgəndər barədə, ruh haqda, ölülərin dirilməsinin
mümkünlüyü barədə, Sasani - Roma arasındakı savaşlar, qədim Misir fironları və
o dövr üçün aktual olan sair əhəmiyyətli məsələlərin dartışıldığını Qurandakı
surə və ayələr sübut edir. Çıxılmaz vəziyyətlərdə isə cavabsız suallara Quran
cavab verirdi...
Peyğəmbər müəllimlərə
böyük qiymət verirdi. Bir dəfə İslamı qəbul etdiyini deyən bədəvi qəbilə
başçıları gəlib qəbilələri arasında maarifləndirmə aparmaq üçün Peyğəmbərdən müəllimlər
istədilər. Peyğəmbər ən seçilmiş səhabələri onlara qoşub göndərdi. Lakin onlar
xəyanət edərək səhabə müəllimləri aparıb şəhid etdilər. Peyğəmbər bundan bərk
hiddətlənib xainlərə qisas tətbiq etdi. Hansı ki, başqa şəxslərlə bağlı bu qədər
sərt qərar vermirdi. Lakin öldürülənlər müəllim, ustad, cəmiyyətə faydalı
insanlar olduğu üçün qatilləri əfv etmədi. Həm də xəyanəti qəbul etmədi.
Peyğəmbərin
dostu Salman əvvəllər məcusi olduğuna gərə əski fars dinlərini və o coğrafiyada
yaşayan xalqların dillərini bilirdi. Məlumatlara görə "Fatihə" surəsini
ilk dəfə o tərcümə etmişdi İslamı yeni qəbul edən farslar üçün. Salman çox
savadlı insan idi. Peyğəmbər onun haqda deyirdi ki, Salman göylərin yolunu
yerin yolundan daha yaxşı bilir. Bu, onun astronomik bilgilərə vaqif olmasına
işarədir. Eyni zamanda hərb sənəti, fizika, həndəsə, hesab kimi sahələrdən də
hali idi. İnkarçıların hücumları zamanı Mədinə əhalisini qorumaq üçün şəhərin kənarında
xəndək qazmağı məhz o təklif etmişdi. Mancanalqar düzəldib xəndəyin o tayındakı
düşmənə daş, torpaq atmağı müsəlmanlardan ilk dəfə o tətbiq etmişdi. Hətta bu
metodlar müşriklərin təəccübünə səbəb oldu, çünki onlar belə şeylə
qarşılaşmamışdılar.
Peyğəmbər
savadlı, ziyalı, təhsilli adamları çox sevir, hər zaman onları dəyərləndirirdi.
Hətta onlarla müşavirə keçirir, məsləhətlər alırdı. Dində elə məsələlər var ki,
Allah o mövzu barədə seçim etməyi Peyğəmbər və əshaba həvalə edib. Elə hər şeyi
zor - xoş özü diqtə etməyib, azad seçim haqqı da verib. Mənbələr namaza
çağırışın hansı formada olmasını Peyğəmbərin əshabı ilə müzakirə etdiyini qeyd
edir. Biri şeypur çalaraq, biri zınqırovla, biri bir başqa formada olmasını təklif
edib. Amma sonda insan səsi ilə olmasını təklif edənin fikri qəbul edilib...
Quranda
"Şura" surəsində də Allah müsəlmanların məşvərətindən bəhs edir.
Elm və məşvərət
məclisləri olurdu. Hətta bu ənənə Peyğəmbərdən sonra Raşidi xəlifələr zamanında
daha da inkişaf etdi. Bu məclislərdə əsasən daha geniş bilgiyə sahib olan Həzrət
Əli, Ubeyy bin Kəb, Abdullah bin Məsud, Salman, Zeyd bin Sabit və başqaları fəal
iştirak edirdi. İslam coğrafiyası genişləndikcə digər dinlərin, mədəniyyətlərin
nümayəndələri ya İslamı qəbul edir ya da gəlib müxtəlif suallar verir, problemlərin
həlli yollarını maraqlanırdılar. Çoxsaylı məlumatlara görə onlarla bəzən qızğın
elmi, dini, hüquqi yöndə müzakirələr keçirilirdi.
Xəlifə Həzrət
Ömər bin Xəttabın hakimiyyəti dövründə xüsusən İmam Əlinin bu yöndə heyrətamiz
fəaliyyəti diqqət çəkir. Qiymətli məsləhətləri, ekstremal vəziyyətlərdə ani
çıxış yolları tapması onun dərin zəkası və geniş dünya görüşünə sahib
olmasından xəbər verir.
Onun xütbə və
kəlamları toplanmış məşhur "Nəhcül Bəlağə" kitabındakı qeydə görə
Sasani imperatoru xəlifə Həzrət Öməri şəxsən döyüşə çağırır ki, üz - üzə
savaşsınlar. Hətta xəlifə buna getmək istəyir. Lakin Həzrət Əli onu bu fikirdən
daşındırır. O qeyd edir ki, əgər sən gedib o döyüşdə şəhid olsan İslam ümməti
başsız qalar. Eyni zamanda İmam, fars hiyləsini gözəl anlayırdı ki, Sasani
hökmdarı heç zaman şəxsən xəlifə ilə meydana çıxmaz, sadəcə manevr edib xəlifənin
qarşısına başqa sərkərdələri çıxarmaqla onu aşağılamaq istəyir.
Peyğəmbər hər
zaman peşə, sənət öyrənməyə, elm sahəsində insanları inkişaf etməyə səsləyirdi,
təşviq edirdi, buna şərait yaradırdı. Onun əshabı da bu ənənəni davam
etdirirdi. Səyahətləri rəva görürdü. İki dəfə əshabını xristian Həbəşistana
göndərmişdi. Onlar orada tolerantlıq şəraitində xeyli yaşamışdılar, fərqli din
və mədəniyyətləri, ənənələri öyrənmişdilər.
Quranın özü
bəşəriyyəti ilk növbədə fəlsəfəyə, düşünməyə səsləyir. Fəqət sağlam çərçivədən
kənara çıxmamaq şərti ilə. Faydalı elmlə məşğul olmaq İslam dininin ən ümdə
prinsiplərindən biridir. Quranda əksər surə və ayələr insanları elmə, fəlsəfəyə,
dini və dünyəvi elmlərə səsləyir.
Tural İrfan, dinşünas - yazar