Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət əməlləri ilə bağlı rəsmi məlumat yaymasından sonra onun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric edilməsi məsələsi yenidən gündəmə gəlib.
News365.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, AMEA-dan bildirilib ki, qurumun prezidenti, akademik İsa Həbibbəyli hazırda məzuniyyətdədir.
Ona görə də R.Mehdiyevin AMEA-dan çıxarılması məsələsinin indi müzakirə olunması mümkün deyil. Məsələyə yalnız İsa Həbibbəyli məzuniyyətdən qayıdandan sonra baxılacaq.
Qeyd olunub ki, bununla bağlı hər hansı qərar qəbul edilərsə və ya dəyişiklik baş verərsə, ictimaiyyətə rəsmi məlumat təqdim olunacaq.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb. Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdəşdikləri məlum olub.
Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.