Ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvanda xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir.
News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə məlumat yayıb.
Məlumata əsasən, müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb.
"Ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərirlər. Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir. İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb.
Nəticələrə görə, hava, torpaq, yağış və çay suyu nümunələrində uran izotoplarının zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib, havada alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilib, avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb.