İpotekaya maraq niyə kəskin artıb? Ekspertdən mənzil bazarı ilə bağlı PROQNOZ

İpotekaya maraq niyə kəskin artıb? Ekspertdən mənzil bazarı ilə bağlı PROQNOZ
11:48

Azərbaycanda mənzil bazarında son dövrlər diqqətçəkən tendensiyalardan biri ipoteka kreditlərinə marağın artmasıdır. Mənzil qiymətlərinin əhalinin gəlirləri ilə müqayisədə daha sürətlə yüksəlməsi bir çox vətəndaş üçün ev almağı çətinləşdirib. Əvvəllər şəxsi vəsait və ya daxili kredit hesabına mənzil almaq mümkün olduğu halda, hazırda bu imkanlar bir çox ailə üçün kifayət etmir. Nəticədə mənzil sahibi olmaq istəyənlər çıxış yolunu daha çox ipotekada axtarırlar.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc news365.az-a açıqlamasında bildirib ki, ipotekaya tələbin artmasının əsas səbəblərindən biri məhz əhalinin gəlirləri ilə mənzil qiymətləri arasındakı fərqin böyüməsidir.

Onun sözlərinə görə, artıq ipoteka kreditləri yalnız aztəminatlı ailələrin maraq göstərdiyi maliyyə aləti deyil. Orta gəlirli vətəndaşlar da mənzil almaq üçün bu imkanlardan daha çox istifadə etməyə başlayıblar.

“Əvvəllər vətəndaşlar mənzil problemini şəxsi vəsaitləri hesabına həll edə və ya müəyyən müddətə daxili kredit imkanlarından yararlana bilirdilər. İndi isə mənzil əlçatanlığının çətinləşməsi insanları ipotekaya daha çox yönəldir”, - Vüqar Oruc deyib.

Ekspert qeyd edib ki, ipoteka yolu ilə mənzil almaq istəyənlərin sayı son dövrlərdə təxminən iki dəfə artıb. Tələbin yüksək olması satmaq öhdəliyi ilə kirayə mənzil layihəsinə müraciətlərdə də özünü göstərir.

Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi layihəyə 12 mindən çox müraciətin daxil olması vətəndaşların mənzilə real tələbatının kifayət qədər yüksək olduğunu göstərir.

Vüqar Orucun sözlərinə görə, mövcud imkanların məhdud olması səbəbindən müraciət edənlərin sayı ilə mənzil əldə edə bilənlərin sayı arasında ciddi fərq yaranır. Eyni vəziyyət digər ipoteka proqramlarında və Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrində də müşahidə edilir.

AQC sədri hesab edir ki, Azərbaycanda mənzilə olan yüksək tələbat daşınmaz əmlak bazarının aktivliyini qoruyan əsas amillərdəndir. Vətəndaşların həm kredit, həm kirayə, həm də birbaşa alış məqsədilə bazara daxil olması mənzil alqı-satqısında dinamikanı artırır.

Bu dinamika isə öz növbəsində qiymətlərə də təsir göstərir.

Ekspertin fikrincə, mənzil qiymətlərinin yüksəlməsinin digər mühüm səbəblərindən biri daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbedici olmasıdır. Sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin daşınmaz əmlaka yönəldilməsi bazarda tələbi artırır və qiymətlərin formalaşmasına təsir edir.

Vüqar Oruc qarşıdakı aylarda da mənzil bazarında bahalaşmanın davam edəcəyini proqnozlaşdırır.

Onun sözlərinə görə, ilin sonuna qədər, yəni oktyabr, noyabr və dekabr aylarında mənzillərin qiyməti ərazidən asılı olaraq təxminən 3-5 faiz arta bilər.



Sizin reklam burada
Sizin reklam burada