Pakistandan Hindistana qarşı hər hansı yeni hücumu olarsa, buna "BrahMos" raketləri ilə sərt cavab veriləcək.
News365.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi bildirib.
O qeyd edib ki, Hindistanın "Sindur" əməliyyatı zamanı istifadə etdiyi hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz uçuş aparatları ölkənin hərbi gücünün və özünütəminat siyasətinin uğurunu göstərib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.
Hindistan Pakistana qarşı hava kampaniyasını "Sindur" əməliyyatı adlandırmışdı.