Hindistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sözçüsü podpolkovnik Sunil Bartval sərhəddə yaranan gərginlikdən danışıb. "Hindustan Times"in yaydığı məlumata görə, o, Pakistanın Cammu və Kəşmir ərazilərinin sərhəd bölgəsindəki Nəzarət Xətti boyunca atəş rejimini növbəti dəfə pozduğunu iddia edib.
Onun sözlərinə görə, Pakistan ordusunun postları Kupvara, Uri və Axnoorla üzbəüz Nəzarət Xətti boyunca səbəbsiz kiçik silahlardan atəş açıb.
Bartval Hindistan qoşunlarının cavab verdiyini vurğulayıb.
Aprelin 30-da Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, Hindistan yaxın 24-36 saat ərzində İslam Respublikasına zərbə endirməyi planlaşdırır. Nazirin sözlərinə görə, Pakistan hakimiyyəti Hindistanın Pahalqam hadisəsindən saxta bəhanə kimi istifadə edərək hərbi zərbə endirmək niyyətində olması barədə etibarlı məlumatlara malikdir. Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.
Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural