Həkim və tibb bacılarına ildə bir dəfə məcburi təlim – Yeni qayda

Həkim və tibb bacılarına ildə bir dəfə məcburi təlim – Yeni qayda
12:40

Yeni Klinikada fəaliyyətə başlayan Simulyasiya və Təlim Mərkəzində hər il həkim və orta tibb işçiləri üçün məcburi simulyasiya təlimlərinin keçirilməsi planlaşdırılır.

Bunu  Yeni Klinikanın direktoru Zəhra Vəzirova deyib.

Onun sözlərinə görə, Tədris Simulyasiya Mərkəzinin əsas auditoriyasını orta tibb işçiləri, həkimlər, rezidentlər və təcrübəli mütəxəssislər təşkil edəcək.

“Planımız ondan ibarətdir ki, ildə ən azı bir dəfə bütün əməkdaşlarımız, o cümlədən təcili tibbi yardım həkimləri və orta tibb işçiləri bu təlimlərdə iştirak etsinlər. Təlimlər ekspertlər tərəfindən keçiriləcək və hər proqramın sonunda iştirakçıların bilik və bacarıqları mütləq qiymətləndiriləcək. Qiymətləndirmə simulyasiya tədrisinin ən vacib tərkib hissələrindən biridir”, – deyə direktor bildirib.

Z.Vəzirova qeyd edib ki, gələcəkdə təlimlərdə iştirak etmək istəyən həkimlər üçün qeydiyyat sistemi yaradılacaq. Bunun üçün mərkəzin telefon nömrələri təqdim ediləcək, rəsmi internet saytı və “Instagram” səhifəsi istifadəyə veriləcək, həmçinin xüsusi çağrı mərkəzi fəaliyyət göstərəcək.

Direktorun sözlərinə görə, müraciətlər əsasında qruplar formalaşdırılacaq və effektiv tədris prosesini təmin etmək məqsədilə hər qrup maksimum 10 nəfərdən ibarət olacaq.

“Biz artıq sabahdan təlimlərə başlamağa hazırıq. Müraciət edən hər kəsi məmnuniyyətlə qəbul edəcəyik”, – deyə Zəhra Vəzirova əlavə edib./// Modern.az


Sizin reklam burada
Sizin reklam burada