Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi tədbirlər nəticəsində 2 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
News365.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2.810 qram qurudulmuş marixuana və 1.233 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan edilmiş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - deyə məlumatda vurğulanıb.