Fransız saytı Azərbaycanın Zəfərini işıqlandırdı - FOTO

Fransız saytı Azərbaycanın Zəfərini işıqlandırdı - FOTO
12:43

Fransanın “Lematin.ma” saytında “Azərbaycan 8 Noyabr Qələbə Gününün beşinci ildönümünü qeyd edir” başlıqlı məqalə dərc olunub.

Məqalədə qeyd olunur:

Noyabrın 8-də qeyd olunan Zəfər Günü Azərbaycanın ən mühüm milli bayramlarından biridir. Bu bayramda Azərbaycan xalqı 2020-ci ildə ölkəsinin İkinci Qarabağ müharibəsində qazandığı qələbənin xatirəsini yad edir. Çünki bu tarixi qələbə milli qüruru və birliyi bərpa edib. 8 Noyabr Azərbaycan xalqı üçün güc, ədalət və vətənpərvərliyin rəmzinə çevrilib. Eyni zamanda məlum zəfər həm də beynəlxalq ədalətin və qanunun aliliyinə hörmətin təntənəsidir. Azərbaycan öz suverenliyini müdafiə etməklə BMT Nizamnaməsinin prinsiplərini bir daha təsdiqləyib və sübut edib ki, xalqın əzmi və birliyi istənilən ədalətsizliyə qalib gələ bilər.

Noyabrın 8-də Dağlıq Qarabağ bölgəsinin mədəni-tarixi mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi xüsusi rəmzi əhəmiyyət kəsb edib, çünki çox vaxt bu, münaqişənin sona çatmasına və qısa müddət sonra atəşkəs sazişinin imzalanmasına səbəb olan dönüş nöqtəsi hesab olunub. Bu mənada 8 Noyabr həm də Azərbaycan xalqı üçün dərin emosional və tarixi əhəmiyyətə malikdir, ona görə ki, bu, ölkənin müstəqillik və suverenliyinin bərpasıdır”. 

Məqalədə o da vurğulanır ki, bu gün sözügedən tarixi qələbədən beş il sonra Azərbaycan öz tarixində yeni bir səhifə - yenidənqurma, inkişaf və işğaldan azad edilmiş rayonlara həyat qayıtması səhifəsini yazır:

"Bütöv şəhərlər xarabalıqlardan qurtulub, möhtəşəmliyə ucalır: yollar, məktəblər, xəstəxanalar, müasir infrastruktur bu torpaqların yenilənməsinə şahidlik edir. Məcburi köçkünlərin öz evlərinə könüllü qayıtması Azərbaycanın təkcə hərbi deyil, həm də insani və mənəvi qələbəsini simvolizə edir".

Məqalənin sonunda 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ-ın şahid qismində iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına diqqət çəkilir:

“Bu saziş Cənubi Qafqazda sülh, əməkdaşlıq və dinc, yanaşı yaşama üzərində qurulmuş yeni eraya “qapı” açır. Azərbaycan öz mehriban qonşuluq siyasətinə və regional sabitliyə sadiq qalaraq, regionun bütün xalqlarının rifahı naminə bu davamlı sülhü konkret reallığa çevirmək əzmindədir. Qələbə günü Azərbaycanın müasir tarixinin təməl daşıdır. Bu, millətin əzmkarlığı, birliyi və çətinliklərə qalib gəlmək bacarığına güclü şəkildə dəlalət edir. Bu gün Azərbaycan öz keçmişinə hörmətlə yanaşır, bu gününü qeyd edir, gələcəyə inamla baxır”.


Sizin reklam burada
Sizin reklam burada