Ermənistan-Rusiya münasibətlərində gərginlik: ABŞ-ın yeni rolu

Ermənistan-Rusiya münasibətlərində gərginlik: ABŞ-ın yeni rolu
17 Yan 2025 12:14

"Mən bu məsələyə bir az fərqli yanaşıram. ABŞ-ın təhlükəsizlik, sərhəd təhlükəsizliyi, yardımlar və digər məsələlərdə çoxsaylı ölkələrlə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq Azərbaycanla da mövcuddur. Azərbaycanın sərhədlərinin qorunması, mütəxəssis dəstəyi və digər sahələrdə ABŞ-la davamlı əlaqələri və görüşləri var. Buna görə də, mən bu məsələləri bir-birinə bağlamazdım.

Hərbi ekspert Şair Ramaldanov bu sözləri News365.az-a deyib.

"İndiyə qədər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun əsas səbəbi Ermənistanın KTMT üzvü olması idi. Bu təşkilata üzv olduğu halda belə proseslər Ermənistana şamil olunmurdu. Ancaq hazırda Ermənistan-Rusiya münasibətlərindəki gərginlik, KTMT-dəki fəaliyyətin faktiki olaraq dondurulması və ABŞ-da Bayden administrasiyasının Ermənistana qarşı daha müsbət yanaşması bu ölkəyə strateji əməkdaşlıq çərçivəsində dəstək göstərilməsinə yol açır. Bu vəziyyətdə, Ermənistanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq, mütəxəssis yardımı və digər məsələlər praktik olaraq həyata keçirilə bilər.

Burada digər bir məqam da var. Cənub qonşularının proseslərdə marağı azalmayacaq, əksinə, daha da artacaq. Mən düşünürəm ki, bu proseslər regionda yeni yanaşmaların ortaya çıxmasına səbəb olacaq."- deyə vurğulayıb. 

News365.az