Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Yerli media yazır ki, hazırda iqamətgahın həyətində vəziyyət gərgindir.
Məsələyə reaksiya verən tanınmış erməni ekspert Tatevik Ayrapetyan diqqət çəkən fikirlər səsləndirib. O, özünün Facebook statusunda deyib: "Bizə elə gəlir ki, bəzilərinin(Baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red.) gündəlik yazılarının xuliqanlıq və nalayiq ifadələrlə dolu olduğunu ancaq biz görürük. Bu belədirsə, biz xeyli yanılırıq. Ən böyük "status yazan fiqur" isə təəssüf ki, Ermənistanın ən çox Euronews xəbər kanallarında yer alan şəxsi, dövlət başçısıdır. Ermənistan adı ən çirkin ifadələrlə beynəlxalq mətbuatda yer alır və ən absurd odur ki, baş nazirdən başqa hamımız bu məsələlərdən utanırıq... Onun bu "əməyi" müxtəlif paytaxtlarda Ermənistan Respublikasına aid xəbər lentində dövlət başçısının sözləri kimi oxunur. O, yəqin ki, bizi və dövlətimizi biabır etməyi xoşlayır. Paşinyan katolikosla mübarizə aparmır, hətta kilsə ilə də vuruşmur, onun mübarizəsi erməni dövlətçiliyinə qarşı yönəlib və bu mübarizə Ermənistanı aşağılamaq, alçaltmaq naminə aparılır...".
Tural