“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır”.
News365.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır:
“Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır. Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qayınatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir. Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər”.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Zəka Mirzəyevin DSMF-nin icraçı direktoru təyin etdiyi Mail Məmmədovun onun xalası oğlu, özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması ilə bağlı xəbərlər yayılıb.