Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət edirlər.
News365.az xəbər verir ki, Baş nazir Əli Əsədov, baş nazirin müavinləri Şahin Mustafayev, Yaqub Eyyubov, Samir Şərifov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər.






Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti başlayıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin nazirliyin əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.


Xatırladaq ki, Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.