News365.az xəbər verir ki, Milli Məclisin deputatı Rasim Musabəyov ölkənin 1990-cı illərin əvvəllərində üzləşdiyi ağır siyasi və hərbi vəziyyətdən danışıb.
Deputatın sözlərinə görə, o dövrdə baş verən hadisələrin canlı şahididir və ölkənin vətəndaş müharibəsi həddinə çatdığını qeyd edib.
“1993-cü ilin iyununda Milli Məclisdə iştirak edirdim. Həmin vaxt ölkədə vəziyyət son dərəcə gərgin idi. Gəncədə baş verən üsyan nəticəsində hakimiyyətə qarşı qiyam baş verdi. Qiyamçılar tərəfindən göndərilən nümayəndə heyəti və ordu qüvvələri əsir götürüldü. Həmçinin, Alekram Hümbətovun rəhbərlik etdiyi cənub bölgəsində də separatçılıq meylləri baş qaldırmışdı. Oxşar vəziyyət şimal bölgəsində də müşahidə olunurdu. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hökumət nəzarəti itirmişdi,” – deyə Musabəyov bildirib.
Deputat vurğulayıb ki, belə kritik anda xalqın etimadını qazanan şəxs – Heydər Əliyev siyasi arenaya qayıtdı və məsuliyyəti öz üzərinə götürdü:
“Heydər Əliyev Aqsqaqal kimi qəbul olundu və vəziyyəti nəzarətə aldı. Biz o zaman heç bir dövlət strukturu olmadan xalq üçün lazım olan təşkilatlanmanı həyata keçirə bildik. Daha sonra dövlət strukturlarını bərpa etdik və Azərbaycan dövlətini qurduq.”
Musabəyov qeyd edib ki, bu gün həmin dövlətin möhkəmləndiyi, inkişaf etdiyi və regionda qalib ölkə kimi nüfuz qazandığı bir dövrdür:
“Bu gün biz qalib xalq, qalib dövlət olaraq yaşayırıq. Azərbaycanı daha da gücləndirmək və inkişaf etdirmək yolundayıq.”