Danışıqlar iflasa uğradı: tərəflər özünü qalib elan etdi

Danışıqlar iflasa uğradı: tərəflər özünü qalib elan etdi
11:15

Dayandırılan danışıqların sülhə xidmət etmədiyi əvvəlcədən məlum idi. Bu proses daha çox tərəflərin bir-birinə qarşı ittihamlarını səsləndirdiyi, maksimalist tələblər irəli sürdüyü və qarşı tərəfin imkanlarını ölçməyə çalışdığı bir mərhələ kimi qiymətləndirilir.

Politoloq Bəkr Həsənbəylinin News365.az-a açıqlamasına görə, danışıqlarda əsas məqsəd münaqişənin həlli deyil, tərəflərin “qırmızı xətlərinin” müəyyənləşdirilməsi və hansı tələblərdən geri çəkilə biləcəyinin yoxlanılması olub

Onun sözlərinə görə, 21 saata qədər davam edən qarşıdurmanın ciddi nəticə verməyəcəyi əvvəlcədən bəlli idi və bu da öz təsdiqini tapdı.

Ekspert qeyd edib ki, İran hərbi potensialının böyük hissəsini itirməsinə baxmayaraq, hələ də sərt ritorikadan geri çəkilmir. O, həmçinin Rusiya və İran xarici işlər nazirləri arasında baş tutan telefon danışığına toxunaraq bildirib ki, Rusiya bu münaqişədə effektiv vasitəçi rolunu oynaya biləcək tərəf deyil.

“Əgər Rusiya danışıqlar masası təklif etsə belə, ABŞ bu prosesdə iştirak etməyəcək. Çünki Rusiya özü də müəyyən mənada münaqişə yaradan tərəflərdən biri kimi qəbul olunur,” – deyə politoloq vurğulayıb.

Bəkr Həsənbəyli hesab edir ki, ən məqsədəuyğun yol İranın birbaşa münaqişə tərəfi və ya neytral moderatorlarla əlaqə quraraq tələblərini müzakirə etməsidir.

Ekspertin fikrincə, diqqətçəkən məqamlardan biri də odur ki, hər iki tərəf atəşkəsdən dərhal sonra özünü qalib elan edib. Bu isə xüsusilə İranın beynəlxalq aləmdə münaqişədən “strateji bərabərlik”lə çıxdığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada