Atatürk Parkı həm evə yaxın olması, həm də uşaqlar üçün yaradılan ödənişsiz imkanlarına görə Bakı şəhərinin ən yaxşı axşam gəzinti zonalarından biridir.
Parkın səliqə-səhmanına hansı qurumun cavabdeh olduğunu dəqiq bilmirəm, amma onu deyə bilərəm ki, burada demək olar, hər zaman səliqə-səhman hökm sürür.
Lakin bəzi ikiayaqlı “insan” cinsindən olanlar bu parka istirahət üçün gəlsələr də, onu zibilləməyi sanki həyat kredosuna çeviriblər. Yayın istisində yəqin zəhərləndikləri tum qabıqlarını uşaqlar üçün nəzərdə tutulmuş ərazilərə tökdüklərinə görə söyüşdən boyunları ya qızarır, ya da yanır.
İnzibati Xətalar Məcəlləsinə əsasən, tütün məmulatlarının tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manat təşkil edir və Daxili İşlər Nazirliyi bu qaydanın icrasını uğurla təmin edir.
Bəs siqaret qalığını yerə atmaqla tum qabığını atmaq arasında nə fərq var? Məncə, heç bir fərq yoxdur. Hər iki halda həmin şəxslər "uzunqulaq" sinfinə aid olduqlarını nümayiş etdirirlər.
Bakı Şəhər İcra Hakimiyyəti ilə Daxili İşlər Nazirliyi bu məsələdə birgə əməkdaşlıq quraraq parklarda bu kimi hallara nəzarəti gücləndirsələr, çox faydalı olar. Onsuz da demək olar, bütün parklarda PPX əməkdaşları xidmət aparır. Sadəcə onlara bu “uzunqulaq” sinfinə daxil olanların qulağını dartmaq üçün tapşırıq verilməlidir.
Biz, vətəndaş olaraq irad bildirəndə ya mübahisə yaranır, ya da həmin şəxslər qəsdən daha çox zibilləməyə başlayırlar. Belələrini tərbiyə etməyin ən yaxşı yolu isə cərimədir.